Yanmaq bizim taleyimizdə var. Hələ “odlar yurdu” deyiminin altında gizli bir kod gizləndiyinə də inanıram. Tarixi açıb hansı yüzilin arasında gəzişsən, o yanıq qoxusunu hiss edərsən. Bir az da irəli getsən, ərşə qalxan o yanğınların atəşi qarsar üzünü, tüstüdən gözlərin acışar. Yanıb külə dönmüş torpaqlar, şəhərlər, mübarizə salnamələri, insan taleləri… Və bütün bunların ardından əzablı yollarla günümüzə gəlib çatan nəsillər. Indi biz kim oluruq? Oddan törəmiş külmü, külün altından közərib yenidən alışan odmu, bilmirəm. Bildiyim odur ki, taleyimizdəki yanğınlar sönmür. Eləcə bu axarda da yana-yana bir məchula doğru baş alıb gedirik…
Keçən həftə Fəhlə prospektində köçkünlərin yaşadığı bir bina yandı. Həm də külü çıxanacan yandı. Bu da taleyin işidirmi, həmin gün Bakıda güclü külək vardı və o üzdən yanğını dayandırmaq da olmadı. Beləliklə, 22-23 il bundan əvvəl yurd yerləri müharibə yanğınlarında qalmış yüzlərlə insanın ümidləri yenidən külə döndü. Həmin əraziyə yaxın yaşadığıma görə bilirəm ki, o sahə prezidentin iqamətgahına gedən yolun üstündən keçir. Buna görə də, həmin cərgəli binalarda vaxtaşırı kosmetik işlər aparılır, evlər rənglənir, ağardılır və ya üzlənir, yol kənarındakı yaşıllıqlar təzələnir, sulanır. Yanan qarabəxt binanın üzlənməsi də məlum “abadlaşdırma” seriyasından olub anlaşıldığına görə.
Məlumunuz olsun ki, təkcə paytaxtda məcburi köçkünlərin məskunlaşdığı onlarca belə bina var və o binaların əksəriyyəti insan həyatı üçün real təhlükə mənbəyidir. Ilk səbəb odur ki, həmin tikililərin istismar müddəti çoxdan keçib. Bir yandan da, məcburi məskunlaşma üzündən illərdir əsaslı təmir aparılmadığına görə də, binalar lap yararsız hala düşüb. Ikinci səbəbsə odur ki, buradakı şəraitsizlik, antisanitariya, natəmizlik insanı vahimələndirir, sadəcə. Çirkli zirzəmilərdən qidalanan həşəratların, siçovulların, ağcaqanadların əlindən zülm çəkir insanlar. Hələ bir nəfərlik tək otaqlı mənzillərə məcburiyyətdən 6-7 nəfərlik ailələrin sığışdığını demirəm. Bütün bu acı reallıqları bilən biri kimi, deyirəm ki, orada yaşamaq ağırdır, sıxıcıdır, əzab və işgəncədir. Amma hökumət səviyyəsində kimsənin vecinə deyil bütün bunlar. O evlərdə on illərdir beləcə keçinib gedir insanlar. Orada uşaqlar da doğulur, ailələr də qurulur və bir gün hər şeyin dəyişəcəyinə ümid edib durur insanlar…
Amma on illər keçir və o ümidlərə heç yandan işıq düşmür. Bu yetim binaların qarşısındakı yolları ölkə rəhbərinin şərəfinə çılçıraqlarla bəzəyənlərin içəridə yaşayanların qaranlığından xəbəri yoxdur. Varsa da, heç veclərinə deyil o qaranlığın dərinliyində batıb qalan çarəsizlər. Bu sistemdə hər şey belə qurulub. Hər şey beş-on nəfər üçündür, geridə qalanları adam yerinə qoyan yoxdur. Ölkəyə gələn gəlirlərin, xərclənən pulların, tutulan layihələrin o insanlarla bir bağlılığı yox. Onlar on illərdir bir yanğının içində tüstülənə-tüstülənə acısını çəkirlər yaşamağın. Həyat çoxdan bir yanğın yeridir bu insanlar üçün. Uzaqlarda qalmış yurd yerlərindən ürəklərinə düşən o yanğının alovları paytaxta qədər qarabaqara izləyirdi onları. Və o gün çılğın Bakı küləyi o yanğını körükləyib hər şeyi külə çevirdi təzədən…
Hökumət illərdir məcburi köçkünlər üçün xüsusi qəsəbələr salıb, onları yerləşdirəcəyini deyir. Amma bu dövrdə o didərgin əhalinin bir nəsli kəsilib qurtarıb demək olar. Ortada isə heç nə yox. Bu istismar müddəti keçmiş çürük yataqxanaları nə zamanadək rəngləyib insanların başını tovlayacaqsınız axı? Şübhəsiz, bu acınacaqlı duruma gəlib çıxmaqda köçkün əhalinin özü də günahsız deyil. Bu ölkədə vətəndaş olaraq hər kəsin konstitusion hüquqları var. O hüquqlara ədalətsizliklərə etiraz etmək və haqqını istəmək də daxildir. Neçə ki, bunu etməkdən qorxub çəkinirsiniz, o yanğınlar da sönməyəcək. Ağrısına da siz qatlaşmalı olacaqsınız. Nə qədər acı olsa da, həqiqət belədir…