Bizim “gilyotin” dövrümüz də yaşadığımız indiki tarixdir elə. Sadəcə, baş kəsmək prosesi bir az yeni metodla – iş kəsməklə əvəz olunub. Bu iş kəsmək məsələsi artıq ölkənin davamlı prosesinə çevrilib. Ucdantutma kəsə-kəsə gedirlər. Məlum gediş nə qədər uzun çəkər, bilən yox. Amma hələ ki, planda hər hansı dəyişiklik niyyəti görünmür. Bəlli ki, küncə sıxılmış cəmiyyət çəkilmiş ox kimidir, azacıq barmaq boşluğu ilə yaydan çıxa bilər. O da sirr deyil ki, bu kiçik barmaq boşluğu olmasa belə, o ox bir gün yaydan çıxacaq. Baxın, dünyanın hər yerində yeniləşmə adına mütləq mənada nələrsə baş verir. O dəyişikliklər təkcə bura gəlib çıxmır…
Iş o yerə gəlib çatıb ki, bu məkanın ən qatı rejimini qurmuş Putin də 9 may ərəfəsində geniş amnistiya verməyə hazırlaşır. Bu siyahıda 260 min məhkumun adı var. Şübhəsiz, əfv fərmanının məşhur adlara, siyasi fəaliyyətinə görə cəzalandırılmış şəxslərə şamil edilib-edilməyəcəyi başqa söhbətdir. Fakt odur ki, adam ölkəni nə duruma gətirdiyinin yaxşı fərqindədir və vəziyyətdən çıxmaq üçün zor-xoş bəzi islahatlara baş vurmağın gərəkli olduğunu da anlayır. Xatırladaq ki, Rusiyada 2013-cü ildə də belə bir fərman olub və 24 mindən çox insan azad edilib. Lakin bizdə heç bir qüvvə məlum prosesi durdura bilmir anlaşılan. Hətta hökumətin Avropa Oyunlarına hazırlaşması, ilin parlament seçkiləri ili olması da nəyisə dəyişmir. Gördüyünüz kimi, ortalıqda nə hər hansı amnistiya, nə də bağışlanma söhbəti yoxdur. Qanunsuzluq və özbaşınalıq eyni axarda davam edir. Bu, həftə içində üç siyasi fəalın polisə müqavimət iftirası ilə həbs olunmasında da özünü göstərdi. AXCP-nin tanınmış adlarından olan Saqif Qurbanov, Türkel Azərtürk və Ruslan Nəsirov saxta ittihamlarla sutkalıq həbs cəzası aldılar.
Bu həftə məhkəməsi davam edən daha bir vicdan məhbusunun, Rəsul Cəfərovun işində isə hökumət lap gül vurub. Prokuror ona düz 9 il iş istəyib. Heç şübhəsiz ki, yuxarıların diktəsi əsasında. Bircə qram insafınız olsun barı! 9 il işi adam öldürən qatillərə istəyirlər. Gənc bir QHT fəalına qondarma işə görə bu qədər amansızlıq çox ağır deyilmi yəni? R.Cəfərovun vəkilləri ona qarşı irəli sürülən ittihamların yalan olduğunu faktlarla sübuta yetirir. Amma onlara məhəl qoyan yoxdur. Çünki hər şey vətəndaş cəmiyyəti fəallarının sıradan çıxarılmasına yönəlmiş planın tərkib hissəsidir. R.Cəfərovun işi də eynilə Leyla Yunusun, Intiqam Əliyevin, Anar Məmmədlinin məsələsinə oxşardır. Donor təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin nə böyük vergidən yayınması, mənimsəmə halları ola bilər ki, ona görə insana 9 il iş oxusunlar? Lap sübuta yetirilmiş olsa belə, onu hər hansı inzibati cəza və ya cərimə ilə əvəz etmək olmaz ki?
Vicdan məhbusları bir ölkənin siyasi sistemi haqqında təsəvvür yaradan ilkin göstəricidir, heç şübhəsiz. Bu, bir ölkə haqqında açıq-açığına yeniliyin və fərqli düşüncənin qəbul olunmadığı məkan imici yaratmağa bəs edir. Mövcud hökumətin hikkəsinə görə illərdir bu ölkə və bu ölkənin insanları məlum ədalətsizliklərdən əziyyət çəkir. Lakin o, yenilik adına hansısa addım atmaq, həbsləri durdurmaq, vicdan məhbusları məsələsində geri çəkilmək fikrindən uzaq olduğunu da gizlətmir. Təbii, belə sistemlərdə geriyə yol olmur, olsa belə, ona böyük qorxu ilə baxılır…