Vahid Məhərrəmov: «Kənd təsərrüfatı istehsalına və fermerlərə bunun heç bir dəxli yoxdur»
Bəlli olduğu kimi, ölkənin kənd rayonlarının icra hakimiyyətlərində struktur islahatı həyata keçirilib. Nəticədə icra başçılarının aqrar məsələlər üzrə müavini ştatı və aqrar məsələlər şöbəsi ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır.
Icra başçılarının aqrar məsələlər üzrə müavinləri kənd təsərrüfatı və torpaqla bağlı məsələləri aprelin 1-dək koordinasiya edirdilər. Həmin funksiyanı bundan sonra yeni yaradılan idarələr reallaşdıracaq. Lakin sözügedən idarələrin nə vaxt fəaliyyətə başlayacağı sual altındadır.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, yaradılacaq qurum üçün inzibati binalar inşa olunur. Ekspert yaxın zamanda həmin qurumun subsidiyaların paylanmasında əsas işləri görəcəyini deyir. Amma bunun üçün həmin idarələri yaratmağına dəyməzdi, çünki bu işi yerlərdə, rayonlarda maliyyə idarələri də görə bilər. Ekspert qurumun əsasən hansı fəaliyyətlə məşğul olacağının sual yaratdığını bildirir, çünki fermerlərin maliyyə, su ilə bağlı istehsal vasitələrinə ehtiyacı var ki, qurum da onu həll edəcək gücə malik deyil:
“Rayon səviyyəsində yaranan qurum nə edə bilər ki? Fermerin məsləhət xidmətinə ehtiyacı var ki, yaradılacaq qurum bunu da edə biləcək kadrlara malik deyil. Nazirlikdə yüksək səviyyəli aqronom, zootexnik, baytar həkim çatışmazlığı var. Qurumun bu səviyyəylə hansısa iş görəcəyi inandırıcı deyil. Bu sahəyə külli miqdarda maliyyə vəsaiti ayırılıb ki, onun bir hissəsi inzibati binaların inşasına, strukturun yaradılmasına və büdcədən maliyyə vəsaitini fərqli formada silməyə gedəcək. Tədbirlər planında maliyyə tutumlu işlərə diqqət yetirilir. Kənd təsərrüfatı istehsalına və fermerlərə bunun heç bir dəxli yoxdur”.
Nigar