Bu gün tanınmış vəkil Bəhruz Bayramov Pərviz Həşimli ilə görüşmək üçün 13 saylı cəzaçəkmə müəssisəsinə getsə də, onun jurnalistlə görüşünə imkan verilməyib. Bu barədə Moderator.az-ı B.Bayramovun özü məlumatlandırıb. B.Bayramovun üzləşdiyi qanunsuzluqla bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edəcəyini bildirib:
“Bu gün P.Həşimli ilə görüşməyə çalışsam da, təkidli xahişlərimə rəğmən məni görüşə buraxmadılar. Rəis müavini ilə danışdım və o, bildirdi ki, şənbə günü olduğu üçün görüş mümkün deyil. Mən isə bildirdim ki, hansı qanunda yazılıb ki, vəkil şənbə günü məhbusla görüşə bilməz?
Apardığım dərmanları, hətta yeməyi də qəbul eləmədilər. Pərvizlə telefon vasitəsi ilə əlaqə saxladım. Bildirdi ki, bir neçə gündür ki, səhhəti ağırdır. Güclə yeriyir.
Onun yuxarı tənəffüs yollarında möhkəm soyuqdəymə var. Əli İnsanov Pərvizə müalicə yazıb və apardığım dərmanlar da bu müalicə üçün idi, lakin təəssüf ki, qəbul edilmədi. Orda verilən dərmanlar keyfiyyətsiz olduğu və bir çox hallarda vaxtı-vaxtında verilmədiyi üçün edilən müalicə fayda vermir.
Mən üzləşdiyim qanunsuzluqlarla bağlı Mədət Quliyevə açıq məktubla müraciət edəcəm. Hüquq müdafiə təşkilatlarından da xahiş edirəm ki, məsələni nəzarətə götürsünlər və bu kimi qanunsuzluqların qarşısının alınmasında dəstək olsunlar”.