Yerli televiziyalara qoyduğum iki günlük “moratorium” bitdi – düz ikicə gün yerli kanallara baxmadım. Məni qınamayın, başqa çıxış yolu yoxdur, bayram vaxtı həmişə belə edirəm. Adam lap dilxor olur. Eyni sözləri və eyni tezisləri bu xalqa nə qədər demək olar?! Eyni kadrlara nə qədər tamaşa etmək olar?! Bu televiziyaların qoy bir küncündəcə yazsınlar ki, bura giriş hüququ ancaq və ancaq hakimiyyət adamlarına məxsusdur. Mən bir müddət rus kanallarını da inkar edirdim. Amma sonradan gördüm ki, hətta rus kanalları belə deyil, verilişlərə müxtəlif adamları çağırırlar, çalışırlar maraqlı olsun. Indi hamı bir nəfər kimi özünü politoloq adlandırsa da siyasi jurnalistika deyilən bir sahə də var. Qətiyyətlə demək olar ki, bu sahə Azərbaycanda az-çox qəzetlərin səhifələrində hiss olunur və etiraf etmək lazımdır ki, köşə yazıları meydana çıxandan sonra qəzetlərdə də bu istiqamət zəifləyib. Mən yazını bütünlüklə jurnalistikanın problemlərinə həsr etmək fikrində deyiləm, bəli, vaxtında yetərincə yazmışam. Bunları isə sözgəlişi olaraq yazdım. Köşə kiçik bir essedir, burada yığcam şəkildə öz düşüncələrini yazırsan, çalışırsan ki, bir qədər də bədiilik və informativlik olsun. Nə isə. Qayıdaq mövzuya. O mövzuya ki, min işarəni keçsəm də onu hələ tapa bilməmişəm. Hər gün yazanda belə olur – bəli, əvvəllər az yazırdıq, amma saz yazırdıq. Indi hər şey dəyişib. Əvvəllər ərz edirdilər ki, kəmiyyət keyfiyyətə keçir. Mən bunu inkar etmək niyyətində deyiləm, görünür, kəmiyyət özü də keyfiyyətli dərəcədə dəyişməlidir ki, bir ciddi dəyişiklik müşahidə olunsun…
Gürcüstan müəsəlmanları niyə ayrılır?
Mən bu məsələnin bütün təfərrüatlarını bilmirəm, səhvim olsa, üzrlü sayın. Amma onu eşitmişəm ki, Gürcüstan müsəlmanları özlərinə müfti, şeyx və bir də imam seçiblər. Təbii ki, dövlətçilik baxımından əvvəlki qayda bizlərin marağına daha çox cavab verirdi, din vasitəsilə olsa da Azərbaycan təsirini öz sərhədlərindən kənara yayırdı. Bütün milli təhlükəsizlik konsepsiyalarını araşdırsan görərsən ki, orada bir məsələ tövsiyə olunur: dövlət yerləşdiyi bölgənin dinamikasını müəyyənləşdirməyə çalışmalıdır! Indi gürcülər özləri üçün, öz maraqları baxımından düz edirlər. Təbii ki, bizim maraqlara zidd bir proses baş verir. Amma gərək biz də öz maraqlarımızı müdafiə etməyə cəhd edək və bunu bacaraq. Digər dinlərin hər birinin öz sferası olur, məsələn, provaslav kilsəsinin bir, katolik kilsəsinin başqa sferası və yaxud da arealı mövcuddur, onlar bu sferaya müdaxilə edilməsini sevmirlər. Qafqaz ruhani idarəsinin Azərbaycanda olmasının hətta geosiyasi və etno-politik xeyiri və əhəmiyyəti vardı, bu yolla geopolitik və etno-politik baxımdan həssas olan bir bölgədə prosesləri tənzimləmək mümkün olurdu. Indi bu sfera bir qədər daraldı. Ola bilsin, bu tendensiya Qafqazın digər bölgələrinə sirayət edəcək. Hər halda, bu, bizim maraqlarımıza o qədər də cavab vermir…
Siyasətin yay mövsümü…
Hiss edirsinizsə siyasətin yay mövsümü gəlir. Düzdür, hadisələr yetərincə qədərdir. Elə qarşıdakı Qazan görüşünü götürək. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Biz başqa adları azərbaycanlaşdırırıq. Amma Qazana bu günə qədər Kazan deyirik və elə Kazan da yazırıq. Doğrusu, mən bilmirəm, hansı daha doğrudur, amma onu bilirəm ki, Kazan rus dilindədir. Nə isə. Bu il maraqlı hadisələr çox olacaq. Jurnalistə də hadisədən başqa nə lazımdır? Dialoq bitdimi?
Səhv etmirəmsə, ATƏT-in Bakı ofisinin rəhbərinin fəaliyyət müddəti bitdi. O, ölkədə daha çox dialoqların təşəbbüsçüsü kimi yadda qaldı. Amma mən bu dialoqlar haqda heç vaxt yüksək fikirdə olmamışam, eləcə də onun ictimai fəaliyyəti haqda. Mənə elə gəlir ki, bu postda daha səmərəli bir fəaliyyət və işgüzarlıq nümayiş etdirmək olardı. Bəlkə öz təyinatına görə ATƏT rəsmiləri Norveç səfirliyindən və diplomatlarından daha çox iş görə bilərdi və əslində görməli idi də. Amma belə olmadı. Düzdür, indi hamı xoş sözlər deyir, lakin mən bilmirəm, bunu diplomatik etiket tələb edir, yoxsa başqa bir şey?!