Biz neçə vaxtdır gözləyirik ki, hökumət hansı ərəfədəsə həbs etdiyi günahsız vicdan məhbuslarını sərbəst buraxacaq. Amma məlum olur ki, o bizim gözlədiklərimizi deyil, manatı sərbəst buraxmağa hazırlaşır. Yəni keçmiş sovet respublikalarında ən kəskin ucuzlaşma yaşayan milli valyutamız indi də tam özbaşına buraxılacaq. Mərkəzi Bankın rəhbəri deyib ki, manat bundan sonra bazarda özü öz dəyərini axtarmalı olacaq. Sən demə, bunun iqtisadi termin olaraq adı da varmış “…üzən məzənnə”. Yazıq manat! Daha üzməli halı qaldımı ki, üzüb bir yerdə dəyərini tapsın? Indi onun durumuna daha uyğun gələn ifadə “batan məzənnə”dir, fikrimcə…
Məntiqi baxımdan bir ölkənin əsas dəyəri insandır. Amma bu məmləkətdə insanın dəyəri çoxdan siyahının ən aşağı sırasına düşüb. Bu, ölkə vətəndaşının bütün yaşam şərtlərində özünü göstərir artıq. Elə bu üzdəndir ki, qalan atributlar da pillə-pillə qiymətdən düşüb ucuzlaşmağa doğru gedir. Şübhəsiz, bir ölkədə insanın dəyəri mənəvi dəyər ölçüsünü müəyyən edirsə, milli valyutanın dəyəri də həmin ölkənin iqtisadi dəyər ölçüsünü müəyyən edir. Zənnimcə, yerdə qalan bütün elementlər məhz bu iki amilin əsasında qiymətini tapır. Indi insanlarımızın da durumu bəlli, valyutamızın da. Bu o deməkdir ki, ölkənin halı da hal deyil. Yəni bu iki mühüm dəyərin ucuzlaşması avtomatik olaraq ölkədə hər şeyin bahalaşmasına aparmalıydı ki, o ən kəskin şəkildə baş verdi…
Bahalıq yeni söhbət deyil, təbii. Bəlkə də, biz dözümlü xalq olduğumuza görə, illərdir buna alışıb yüz minlərlə insanımızın yoxsulluq həddindən aşağı düşdüyünün fərqində deyilik. Amma kənardan hər şey aydın və detallı görünür.
Kənardan minimum əmək haqqı qəpik-quruş olan bir ölkənin belə yüksək bazar qiymətləri baxanları heyrətə gətirir. Bu, qərb ölkələrindən turist kimi ölkəmizə gələn xarici qonaqların və jurnalistlərin təəssüratlarında da ifadə olunur. Adamların buradakı hotellərin, restoranların, marketlərin qiymətlərindən gözləri böyüyür. Bakının yaşayış minimumu indi az qala ayda bizim insanlardan 10 qat artıq qazanan London sakinlərinin yaşayış minimumuna bərabərdir. Lakin biz sanki bütün bunların ağrısını hiss etmirmiş kimi keçinib gedirik. Bu qədər haqsızlığın içində məchul bir nöqtəyə baxırmış kimi, olub-bitənləri görmürük. Kənardan gələnlər hər şeyi açıq görür və açıq danışır. Biz isə susub dururuq. Bütün bu haqsızlıqları özümüzə rəva görərək susuruq. Neft-qaz çıxarıb soyuq mənzillərdə donan, dənizin sahilində dolaşıb balığa həsrət qalan, balıq kürüsünün adını eşidib üzünü görməyən xalq olaraq susuruq. Haqqımızı yeyənlərin başda oturan bir qrup olduğunu bilə-bilə susuruq.
Biz susuruq. Başqa bir çıxış yolu yoxmuş kimi, bütün bu baş verənlərin bizlik deyilmiş kimi, bir sabah oyanıb hansısa cənnət ölkənin vətəndaşı olduğumuzu görəcəkmiş kimi susuruq. Hər gün yaşam şərtlərinin nə qədər amansızlaşdığını, adi dolanışıq üçün dirənməyin necə çətinləşdiyini, bu ölkədə vətəndaş olmağın necə baha başa gəldiyini də hiss etmirik sanki. Bu nədir, köləliyini qəbul etmiş bir toplumun haqqını yeyən hökmran bir qrupa təslimçiliyimi? Bütün itkiləriylə barışıb, birtəhər həyatda qalmaq qorxusuna boyun əymək acizliyimi? Zor qarşısında gücsüzlüyünə yenilib geri çəkilmək çarəsizliyimi? Əlbət, bunların cavabını siz özünüz bilirsiniz. Amma gerçək odur ki, bunlar insan kimi yaşamaqla bir araya sığmayan şeylərdir. Buna izin verməyin artıq…