xanbahadir@mail.ru
Az sonra Azərbaycanda Olimpiada keçiriləcək. Hələ indidən xalqa cəhənnəm yaşadan Olimpiada! Olduqca qanunauyğun görsənişdir: əliyevçi rejim xalqa yaşatdığı çoxillik cəhənnəm faktorlarından birini də bu Olimpiada ilə yaşatmaqdadır. Son 22 ildə ölkədən oğurlayıb çıxardıqları milyardların yerinə xalqı çeşidli tamaşalarla aldatmağa çalışırlar: Avrovizion, Muğam yarışması, Olimpiada, Futbol çempionatı… Gerçəkdəsə, bunların hamısı başında Əliyevlər ailəsinin durduğu ölkədəki çoxillik yeyinti-mənimsəmə, soyğunçu-yağmalama, aşıntı-dağıntı, rüşvət-korrupsiya çempionatını ört-basdır etmək üçündür. Başqa bir yandan bunlar OĞRU rejimin korrupsiya-repressiya siyasətlərini yalnız ölkə içində deyil, ölkə dışında da pərdələmək üçündür. Xədicə Ismayıl kimi yenilməz jurnalistlərin qorxusuz işıqlandırmaları üzündən heç bir qaranlığın gizlədə bilmədiyi OĞRU-KRIMINAL rejim Avrovizion, Muğam, Olimpiada kimi PARILTILI aksiyaların arxasında gizlənməyə çalışır. Bu özümlü rejim aksiyalarının siyasi kriminal xarakteri daşıdığı indi bütün dünyaya bəllidir…
Olimpiada Olimp sözündəndir. Antik yunan mifologiyasına görə, Olimp Zevs başda olmaqla allahların yığışdığı dağa deyilirdi. Antik Yunanıstanda Olimpiya yaxınlığında Zevsin adına dörd ildən bir ellik oyunlar olurdu. Başqa cür desək, yarışlar. Zevsin, bütövlükdə, allahların adına keçirilən bu yarışlar bayram xarakteri daşıyırdı. Bu yarışlar insanları tanrısal insan gözəlliyinə: arı-duruluğa, fiziki-mənəvi sağlamlığa, ucalığa-yüksəkliyə yönəldirdi. Başqa cür desək, Olimpiada oyunlarının – yarışlarının fəlsəfəsi insanı gözəlləşdirmək idi. Orada siyasətə yer yox idi, ola bilməzdi. Axı, ortada Zevs başçılığında allahlar, allahlara bağlı arı-duru insanlıq inancları vardı! Yunanıstanda Olimpiada oyunları bayram xarakteri dşıyırdı. Olimpiada barış, dinclik, sevgi, sevinc bayramı olaraq keçirilirdi. Azərbaycanda bu gün bunların hansının yeri var? 100-dən çox adam seçki oğurluğundan tutmuş böyük korrupsiya faktlarınadək çeşidli, çoxsaylı rejim oğurluqlarının üstünü açıdığına görə türməlik edilib. Ölkədə gerçəyi yazan bircə qəzet – “Azadlıq” qəzeti – rejimin, rejim başçısının sonu görünməyən basqıları altında çıxır. Gerçəyi yazan jurnalistlər izlənir, sıxışdırılır, yaxınları, doğmaları ilə birlikdə konslager yaşamına uğradılır. Hüququ qoruma sistemi başda olmaqla Dövlət qurumları bütünlüklə korrupsiya kriminalına bürünüb.
Belə bir aforizm var: “adamları asanlıqla yönətmək istəyirsənsə, onları əyləndirməyi bacarmalısan”. Azərbaycanda keçirilməsi gözlənilən, demək olar, 10 milyarda başa gələn Olimpiada ölkədə çoxdan dövlət siyasətinə çevrilən allahsızlıq üzündən, sözügedən aforizm prinsipilə keçirilir. Bu özümlü rejim aksiyasının arxasında gerçək Olimpiada fəlsəfəsi deyil, ölkəni Demokratiyadan Diktaturaya gətirib çıxarmış, insana, insanlığa özgü olan barış, dinclik, sevgi, sevinc faktorlarına yağı OĞRU rejim fəlsəfəsi durur. Zaur Həsənov kimi Qarabağ döyüşçülərini yoxsulluq nədənilə özünü öldürməyə sürükləyən, ölkə boyu resurslardan milyardlarla gəlir axarında xalqı yoxsulluq içində yaşadan, 2,5 milyon adamı kredit asılısına çevirən, Olimpiada adına ölkənin bu başından o başına soyğunçuluq siyasəti yürüdən bir rejim bircə elə sonuncu fakta görə yaşamaq hüququnu itirmiş sayılmalıdır. Bu isə doktor sözü, doktor arayışı ilə baş tutacaq iş deyil. Burada yalnız Xalqın sözü keçərlidir – Xalq sözünü deməlidir!
Xalq suveren hüquqlarından yararlanaraq (konstitusiyaya görə, hakimiyətin qaynağı xalqdır) korrupsiya qanunçuluğuna uyğun olaraq keçirilən indiki Olimpiadaya qarşı özünün çoxsaylı mitinq Olimpiadasını çıxarmalıdır. Bu yalnız mənim, sənin, onun istəyi deyil, korrupsiya-yolsuzluq yoluyla uçuruma sürüklənən Xalqın, Ölkənin, Dövlətin istəyidir! Xalq, Ölkə, Dövlət isə yalnız bugünkü Azərbaycan deyil, kökü min illərə dayanan, üzü böyük, sağlam gələcəyə yönəlik Azərbaycan deməkdir – bunu hamılıqla bilməyimiz gərəkir!!!