Baş nazirin keçmiş birinci müavinini zərərsizləşdirmək üçün Putinə şikayət edilib
Rusiyada yaşayan azərbaycanlılar “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri, Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdan Rusiya prezidenti Vladimir Putinə şikayət məktubu yazıblar.
Yayılan məlumatlarda bildirilir ki, məktubda Abbas Abbasovun öz şəxsi ambisiyalarını rəhbər tutmasından bəhs edilib. O cümlədən Abbas Abbasovun həm Rusiya, həm də Azərbaycan prezidenti adından istifadə edərək, Rusiya azərbaycanlıları üzərində “nəzarətçi” mövqeyi tutduğu qeyd edilib. “AzerRos”un prezidenti Mehriban Sadıqova Modern.az-a açıqlamasında həmin məktubun həqiqəti əks etdirmədiyini deyib: “Abbas Abasovdan yazılan şikayət məktublarına nəinki Rusiya prezidenti Vladimir Putin, hətta heç kim inanmaz. Rusiyada yaşayan azərbaycanlıların Abbas Abbasovdan Putinə şikayət məktubu yazmaları həqiqət deyil. Kimlərsə götürüb çox şey yaza bilər. Elə zəmanədə yaşayırıq ki, kim nə iş görürsə göz qabağındadır. Abbas Abbasovun xalqı üçün gördüyü bütün yaxşı işlər bu vaxta kimi hamıya məlumdur”.
Mehriban Sadıqova xüsusi olaraq vurğulayıb ki, Rusiya prezidentinə belə bir məktubun yazılmasında məqsəd var: “Çox güman ki, Azərbaycan xalqı adından Putinə şikayət məktubu yazdırmaqda xüsusi məqsəd var. Bu insanlar da Qalib və Söyün Sadıqovdur. Hətta, Qalib müəllim onun-bunun adından saxta məktublar yazıb yalançı imzalar atmağa bir növ alışıb. Azərbaycan xalqı heç vaxt Abbas müəllim haqqında əlinə qələm alıb harasa şikayət məktubu yazmaz. Buna inanmıram. Çünki Abbas Abbasovun ”AzerRos"a təşkilatçılıq etməsini Azərbaycan prezidenti Ilham Əliyev məsləhət görüb".
Qeyd edək ki, Abbas Abbasova qarşı kampaniyanın başlaması Azərbaycan hakimiyyətinin onu zərərsizləşdirmək niyyətindən irəli gəlir. Rəsmi Bakı Abbas Abbasovun “Milyarderlər Ittifaqı”nın qurulmasında oynadığı rolu həzm edə bilmir. Abbas Abbasov Ilham Əliyevə sadiq dəfələrlə bəyan etsə də, hakimiyyət onu səmimiliyinə inanmır. Rusiya ilə münasibətləri qaydasına saldıqdan sonra hakimiyyət bütün səylərini Abbas Abbasovu zərərsizləşdirməyə yönəldib. Hətta Söyün Sadıqovu da ona qarşı qoya bilib. Əldə etdiyimiz məlumatlara görə, iqtidar Söyün Sadıqovun Abbas Abbasova qarşı çıxmayacağı təqdirdə qardaşı Murad Sadıqov Azərbaycanda biznes fəaliyyətilə məşğul olmasına əngəl yaradılacağını bildirib. Məlumat üçün deyək ki, Murad Sadıqovun Bakıda tikinti biznesilə məşğuldur. Onun həmçinin “Səfalı” adlı broyler şirkəti var.
Hakimiyyətin Abbas Abbasova qarşı apardığı kampaniyanın kökündə həm də Dağıstanda Maxaçqala limanının özəlləşdirilməsi dayanır. Iddialara görə, bu limanının nəzarətdə saxlanılmasında Azərbaycan hakimiyyətinin də maraqları var. Lakin hazırda liman Dağıstanın prezidenti Ramazan Abdullatipovla Abbas Abbasov tərəfindən özəlləşdirilməsi prosesi gedir.