Səudiyyə Ərəbistanı və Körfəz müttəfiqləri Yəməndə Huti silahlılarına hava zərbələrinə başlayıb. Şiə silahlılar artıq ölkənin cənubundakı Aden şəhərinə nəzarəti gücləndirib. Ölkə prezidenti də həmin şəhərə sığınıb. Səudiyyənin Vaşinqtondakı səfiri martın 25-də deyib ki, kampaniyada 10 ölkədən ibarət koalisiya iştirak edir və məqsəd Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi-nin “qanuni hökumətini qorumaq və müdafiə etməkdir”. Al-Arabiya televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyata 100 hərbi təyyarə və 150 min əsgər ayırıb. Ağ Ev Ərəb Körfəz Əməkdaşlıq Şurasının apardığı əməliyyatı dəstəkləyən bəyanat verib. Prezident Barack Obama “maddi-texniki və kəşfiyyat dəstəyi”nə icazə verib.