Britaniyada BBC-nin populyar televiziya şousu “Beşinci sürət” (Top Gear) proqramının ziddiyyətli, lakin çox məşhur aparıcısı Jeremy Clarkson-un ətrafında yaranmış hay-küy keyfiyyətcə yeni mərhələyə, elə belə demək mümkündürsə, beşinci sürətə yüksəlib.
Martın 20-də populyar aparıcının efirdən uzaqlaşdırılmasına etiraz kampaniyasından bir qrup BBC-nin Londonun mərkəzindəki Broadcasting House qərargahının qarşısına…əsl döyüş tankı ilə gəlib.
BBC xəbər verir ki, Abbot SPG tankının korporasiyanın şüşəli vestibülünü nişan almasını yüzlərlə yoldan keçən heyrət və maraqla izləyib.
Tankın üstündəki iri ağ transparantda qırmızı hərflərə “Clarkson-u qaytarın!” tələbi yazılmışdı.
Tankı sürən şəxs özü ilə milyonadək imzası olan petisiyanı gətirmişdi.
Aclıq pis şeydir
İndiyədək efirdə və efirdən kənarda etik qaydaları və hətta cinayət məcəlləsini pozan Clarkson-un efirdən uzaqlaşdırılmasına səbəb isə, yerli qəzetlərin təbirincə deyilsə, onun komandasına daxil prodüserin “əngini əzməsi” olub.
Londondan kənarda olan çəkiliş qrupunun prodüseri yaxınlıqdakı bardan kifayət qədər yaxşı əhval-ruhiyyədə qayıdan Clarkson-un şam yeməyini sifariş etməyi unudubmuş.
Hərçənd yumruq zərbəsindən ağzı partlayan prodüserin rəsmən şikayət etmədiyi bildirilir. Hətta bu da xəbər verilir ki, prodüser “clarksonsevərlər”in intiqamından qorxaraq naməlum məkanda gizlənib.
“Clarksonsevrələr”in sayı isə həqiqətən də çoxdur. Bəlkə hətta avtomobilsevərlərdən də az deyil.
Televiziya tənqidçiləri yazırlar ki, Top Gear proqramının belə populyarlığı “Clarkson-un avtomobil elmindən xırdaladığı incəliklərdən daha çox efirdə etdiyi zarafatlarla bağlıdır”.
“Fəhlə sinfinin qəhrəmanı”
Məhz bu zarafatlar onu Britaniyada “fəhlə sinfi” kimi tanınan və hətta parlament seçkilərinin taleyini müəyyən edən əhali və elektorat təbəqəsinin sevimlisinə çevirib.
Məsələn, bu zarafatlardan birində Jeremy Uzaq Şərqdən olanları onların göz quruluşlarına işarə edərək təhqiramiz şəkildə “slope” adlandırıb.
O elə prodüser Oisin Tyom-a yumruq atandan sonra da ona “tənbəl irland filankəsi” deyib.
Başqa bir “efir zarafatı”nda isə Clarkson pis maşında səfərə çıxmağı “Efiopiyalı transvestitlə prezervativsiz sekslə məşğul olmağa” bənzədib.
Maraqlıdır ki, tərəfdarları Jeremy Clarkson-un prodüserə bədən xəsarəti yetirməsini heç yada belə salmaq istəmirlər, onun “zarafatlarını” söz azadlığı, efirdən uzaqlaşdırılmasını isə “söz azadlığına hücum” adlandırırlar.
“Jeremy siyasi vasvasılıq aləmində yeganə işıq şüasıdır” – yazır onun tərəfdarlarından biri.
“Jeremy bizim kimi, pablarda danışanların dilində danışır. O bizlərdən biridir” – yazır başqa bir tərəfdar.
Baş nazirdən böyük
Amma burası da var ki, özünün maliyyə imkanlarına görə Jeremy Clarkson-un“fəhlə sinfi”nə bir elə aidiyyəti olmalı deyil.
Əvvəla, o, Britaniya və dünya mediasında ən zəngin aparıcılardan biridir.
Lakin o, həm də işlədiyi korporasiyaya milyonlarla funt sterlinq gəlir gətirən şoumendir.
Top Gear verilişinə iPlayer-də rekord 3 milyard baxış olub. Veriliş 5 ildə 150 milyon funt sterlinq gəlir gətirib və Guiness-in rekordalar kitabına düşüb.
Təsadüfü deyilidir ki, BBC Dünya xidmətinin sözçüsü, Top Gear verilişini “bizim ən böyük qlobal brendimiz” adlandırıb.
Veriliş dünyanın 212 ərazisində göstərilib və ona 350 milyonluq auditoriya tamaşa edib.
Belə göstəricilərlə yalnız dünya futbol çempionatları rəqabət apara bilər.
Belə populyarlığa hətta Britaniya baş nazirlərinin çoxu qibtə edə bilər. Bəlkə elə buna görədir ki, televiziya aparıcısının təhqiramiz zarafatlarına bəzən elə baş nazirlərin özləri də hədəf olublar.
Məsələn o, keçmiş leyborist baş nazir Gordon Brown-u “təkgöz şotland ipləməsi” adlandırıb.
Clarkson-un diplomatik qalmaqalları
Jeremy Clarkson “zarafatları” ilə baş nazirlərdən daha çox diplomatik qalmaqallara səbəb olub.
Ötən il onun çəkiliş komandası izdihamın daş-qalağı altında Argentinadan deportasiya edilib.
Buna səbəb o olub ki, verilişdə çəkilən maşınlardan birinin nömrə nişanında “Folklend adaları” yazılıbmış. Məlum olduğu kimi Britaniya və Argentina artıq bir dəfə (argentinalıların inadkarlıqla “Malvin adaları” adlandırdıqları) Folklend adalarına görə qanlı müharibə ediblər və hələ indiyədək barışmayıblar.
BBC Argentina səfirinin “üzr istəmək” barədə tələbini rədd edib.
2011-ci ildə Hindistanın Britaniyadakı səfiri Londona nota təqdim edib. Səbəb? Jeremy Clarkson Hindistanda apardığı çəkilişdə Jaguar avtomobilinə səyyar ayaqyolu qoşubmuş və izahat da veribmiş ki, “bu ölkəyə gələnlərin ayağı işləyir”.
Bu hadisədən bir il əvvəl BBC Meksikanın Londondakı səfiriliyindən üzr istəməli olub. Bu dəfə Clarkson meksikalıları “tənbəl və əzvay” adamlar adlandırmışdı.
Pul və başağrısı gətirən
Britaniya mətbuatının yazdığına görə, Clarkson onu bütün qalmaqallar zamanı cidd-cəhdlə müdafiə edən BBC-nin özünə də ilişməkdən çəkinmir.
O korporosiyanın balanslı redaktə siyasətini lağa qoyaraq deyib ki, “bizim televizya rəhbərlərimiz sarışın mavigözlü təkcinlsi kişilərlə balans yaratmaq üçün qaradərili müsəlman lesbianlarını tapıb gətirirlər”.
Efirdən uzaqlaşdırıldıqdan sonra da Jeremy Clarkson BBC rəhbərliyindən üzr istəyib, lakin bundan bir neçə gün sonra bir xeyriyyə tədbirində BBC rəhbərlərinin adına yağdırmadığı söyüş qalmayıb.
Aparıcı deyib ki, BBC özünün ən məşhur şousunu özü məhv edib. Əlbəttə, Clarkson “məhv edib” əvəzinə özünün rəngarəng üslubuna uyğun başqa bir ifadə işlədib.
Məhz bu son hadisələrə diqqət yetirənlər inanırlar ki, korporasiya özünün ən pulgətirən aparıcısından hər-halda ayrılmaq qərarına gələ bilər, çünki bu ən çox pul gətirən, həm də hamıdan daha artıq baş ağrısı gətirir.
Dinozavrlar hardadır?
Britaniya qəzetləri Clarkson məsələsində iki cəbhəyə parçalanıblar. Bəzi qəzetlər yazırlar ki, Clarkson-suz BBC-nin “Beşinci sürət” verilişi məhv olacaq. Digərləri isə bu qənaətdədirlər ki, BBC Clarkson-a çətin də olsa, əvəz tapacaq. Onlar belə bir misal gətirirlər ki, adətən BBC-dən başqa kanallara keçən aparıcılar BBC-dəki uğurlarını təkrar edə bilməyiblər. BBC isə həmin aparıclara onlardan daha yaxşı əvəz tapa bilib.
Top Gear verilişinə gəlincə isə, o çətin ki, başqa bir kanalda bu qədər populyar olsun. Beləki BBC avtomobil sənayesindən, ümumiyyətlə, bizneslərdən reklam vermədiyi üçün bazardakı obyektivliyini qoruyub saxlaya bilir.
Bəzi təhlilçilər isə deyirlər ki, Jeremy Clarkson öz işinin dahisidir, lakin onun avtomobilləri də, özü də artıq köhnəlib. Bəşəriyyət indi elektrik avtomobillərinə keçir.
Bir məqalədə isə qeyd olunur ki, Clarkson nəhəngliyinə görə “dinozavr”dır. Lakin bu gün dinozavrlar hardadır?
azadliq.org