Kreml ABŞ və AB siyasətçilərinə qadağa qoymaqla nəyə nail olacaq ki?
Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Avropa Birliyinin 200-dən artıq siyasətçisinin ölkə ərazisinə daxil olmasını qadağan edib. Siyahı Rusiya XİN-nin saytında dərc olunub.
“Rusiya Federasiyasına girişi qadağan olunan siyasətçilərin sayı Avropa Birliyinin və NATO ölkələrinin rusiyalı məmurlara qarşı tətbiq etdiyi qara siyahı ilə analojidir”, – deyə XİN-in məlumatında bildirilir.
Siyahıda ABŞ-ın 60-dan artıq siyasi xadiminin adı var. Rusiyaya girişi qadağan olunan həmin şəxslər arasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kerolayn Atkinson, prezidentin köməkçiləri Deniel Pfayfer, Benjamin Rod, ABŞ Konqersində fraksiya çoxluğunun başçısı Harri Rid, Nümayəndələr Palatasının spikeri Con Bayner, Senatın xarici siyasət komitəsinin sədri Robert Menendes, senatorlar Meri Lendryu və Con Makkeyn var.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın bu addımı yalnız simvolik xarakter daşıyır və heç bir təsir gücünə malik deyil: “Rusiya ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalardan ciddi itkilər verib. Bu sanksiyalar Rusiyanın istənilən sahəsində, əsasən də iqtisadiyyatında cox ciddi geriləmələrə səbəb olub. Rusiyanın cavab sanksiyası isə hesab etmirəm ki, qərbə hər hansı formada təsir edə bilər. Çünki reallığa nəzər yetirsək, Rusiyanın qərb siyasətçilərinə qarşı sanksiya tətbiq etməsinin heç bir məntiqi əsası yoxdur. ABŞ-dan Rusiyaya demək olar ki, axın yoxdur, əksinə rusların qərb ölkələrinə səfərləri mövcuddur.
Rusiyanın bu addımı yalnız simolik xarakter daşıyır. Onlar göstərmək istəyir ki, ABŞ-ın istənilən anti-Rusiya münasibətinə qarşı anoloji cavab verməyə hazırdırlar. Amma təbii ki, Rusiyanın qərbə qarşı bu siyasi addımları adekvat deyil.
Putin ölkədə millətçilik və anti-Amerika siyasəti apardığı üçün rus xalqında “hər an müharibə başlaya bilər” ab-havası hökm sürür. Bütün resursların Putinin əlində cəmləşdiyi Rusiyada insanları inandırmağa çalışırlar ki, ABŞ və NATO hər an bu ölkəyə hücum edə bilər və xalq bütün bunları nəzərə alaraq, bütün məhrumiyyətlərə göz yumub vətən uğrunda ölməyə belə hazır olmalıdırlar”.
Emil