elnurastanbeyli@gmail.com
Hökumətin illərdir bayramlar ərəfəsində düzəltdiyi bir tamaşa var, adını “yarmarka” qoyublar, əsl komediyadır.
Niyə komediyadır? Çox sadə səbəbdən.
Əvvəla, ölkədə “bazar iqtisadiyyatı”nın bərqərar edilməsindən danışmaq nədir, hökumətin oturub toyuq budu, kənd yumurtası, camış qatığı, dana əti satmaqla məşğul olması nə? Xeyir ola, hansısa fermer min bir əziyyətlə məhsul yetişdirməli, onu harda, kimə, necə və hansı qiymətə satmalı olduğuna isə hökumət qərar verməlidir? Xalqa belə canınız yanır, 10 ildən artıqdır Milli Məclisin arxivində, tozlu rəflərdə yatan “Rəqabət haqqında” qanun layihəsini qəbul edin, inhisarçılığın kökünü qazıyın, korrupsiyanın ləğvinə ən yüksək səviyyədən başlayın, məmurların oliqarxlaşmasına son qoyun. Görək onda bu yarmarka şoularına ehtiyac qalır, ya yox?!
Ikincisi, belə çıxır, bunlar camaatı ancaq bayramdan bayrama “ucuz və keyfiyyətli məhsul”a layiq görürlər, ilin qalan vaxtı isə lap acından, ya da hansısa keyfiyyətsiz qidadan zəhərlənib ölə də bilərsən.
Ümumiyyətlə, yarmarkalarda guya camaata ucuz və keyfiyyətli məhsul təklif edildiyi barədə deyilənlərin çürük populizm olduğunu, bunların hər işi kimi yarmarkaların da əslində necə yarıtmaz təşkil edildiyini bilməyən yoxdur. Elə son günlərdəki şounu – “Novruz yarmarkaları”nı götürək.
Iş o yerə çatıb ki, hətta rejimin yandaş saytları, qəzetləri də yarmarkaları yerdən-yerə vuran reportajlar hazırlayırlar, orada hansısa ucuzluqdan, ya da keyfiyyətli məhsuldan söhbət getmədiyini yazırlar. Ən gülməlisi isə yarmarkaların təşkilinə məsul olan Kənd Təsərrüfatı Nazirliyi (KTN) sözçüsünün tənqidlərə cavabıdır. Açığı, mən həmin cavabı oxuyanda heç gülmək, yoxsa ağlamaq lazım olduğunu kəsdirə də bilmədim. Deməli, KTN sözçüsü deyir ki, yarmarkalarda neqativ hallar varsa, bunları aradan qaldırmağı ancaq nazirlikdən gözləmək doğru deyil, gərək həmin neqativ hallara qarşı vətəndaşlar özləri də mübarizə aparsınlar.
Təsəvvür edirsiniz, YAP məmuru “vətəndaşları neqativ hallarla mübarizəyə” çağırır! Adam eşitsə qulaqlarına, oxusa gözlərinə inanmaz. Mən həmin KTN işçisinin nə yeyib-içdiyini bilmirəm, amma onun bu cür danışması həqiqətən çox gülüncdür, ölkədəki reallıqlardan nə qədər bixəbər olduğunun göstəricisidir. Doğrudanmı, həmin YAP məmuru bu saat ölkə həbsxanalarının elə onun öz təbirincə desək, mübarizə aparan vətəndaşlarla ağzınacan dolu olduğunun fərqində deyil? Bilmir ki, onun özünün də təmsil olunduğu rejim ölkədə vətəndaşlara nəinki mübarizənin özünü, hətta “mübarizə” sözünü də qadağan edib, bu fikrə düşənin yeddi başı olmalıdır?!
Bu saat ölkədə cəmi bir dənə real, həqiqi yarmarka var. Orada da nə alınıb-satıldığını deməyə ehtiyac yoxdur. Deputat seçki-şousu yaxınlaşdıqca ümumi mənzərəyə baxdıqda ürəkbulanmalar artır. Mandat sevdası paxırları sürətlə açmağa başlayır. Müsahibələrində, açıqlamalarında, hətta facebook-dakı statuslarında alabəzək quşlar buraxmağa başlayanların, əqidəsini, dünyagörüşünü ət və ət məhsulları, süd və süd məhsulları kimi “yarmarka”ya çıxaranlar çoxalır.
Bircə bu payız tez gəlib keçsəydi…
Bircə bu ürəkbulandıran bazarlıqlar, alver cəhdləri, özünütəkliflər tez bitsəydi…
Yoxsa kim nə deyir-desin, artıq belə hoqqaları əvvəlki illərdə olduğu qədər bəzən səbrlə, bəzən laqeydcəsinə, “cəhənnəmə ki!” deyərcəsinə, bəzən də ironiya və ikrahla izləmək üçün əsəb də qalmayıb adamda.
Hər şey get-gedə daha çox iyrəncləşir, idbarlaşır. Daha çox iyrəncləşdikcə, idbarlaşdıqca isə dözmək daha da mümkünsüzləşir. Heç hirsini, qəzəbini kağıza tökmək də kömək etmir, sakitləşdirmir adamı.