Oqtay Haqverdiyev: «Dövlət hansı qərar verəcəyini bizdən soruşmur»
Rusiyanın ucqar regionlarında benzin və dizel yanacağının qiymətinin iki dəfə azalması mümkündür. Dövlət Dumasına daxil olan qanun layihəsində vurğulanıb ki, regional hakimiyyət orqanlarına yanacaqdoldurma məntəqələrinə subsudiya vermək hüququnu qaytarmaq lazımdır. Qanun layihəsinin müəllifləri benzinin çox yüksək qiymətlərə satıldığını bildirərək vəziyyəti dəyişdirmək üçün regional büdcədən maddi yardımlar ayrılacağını və təşkilatlara, fərdi sahibkarlara veriləcəyini bildirib.
Xatırladaq ki, bu dotasiyalar əvvəllər də olub. Rusiyanın ucqar rayonlarında benzinin bir litrinin 78 rubl olduğu, Moskvada isə bu qiymətin 36 rubl olduğu deyilir. Layihə müəllifləri subsidiyaların verilməsinin benzinin qiymətində nəzərəçarpacaq dərəcədə azalmaya səbəb olacağını söyləyir: “Bu isə sonda yerli əhalinin həyat şəraitinin yüksəlməsinə imkan verəcək”.
Bəllidir ki, yanacağın qiyməti artanda onunla bərabər bütün qiymətlərdə bahalaşma başlayır. Yanacağın qiymətinin aşağı düşməsi yenə də öz növbəsində digər qiymətlərə təsir edir. Azərbaycanda qiymətləri bahalaşmadan qorumaq üçün Rusiyadakı nümunəni tətbiq etmək mümkündürmü?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, məntiqlə, neftin qiyməti aşağı düşdükcə benzin, dizel yanacağı və yağların qiyməti aşağı düşməlidir. Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanın benzindoldurma stansiyalarında qiyməti aşağı saldığını deyən ekspert, həmin qurumun ölkəmizdə bu addımı atmadığını bildirir:
“Bunun bir səbəbi odur ki, bizdə hər şey dövlətin əlindədir. Dövlət hansı qərarı qəbul edəcəyini bizdən soruşmur. Benzin, qaz, elektrik enerjisi və s. qiymətini dövlət özü tənzimləyir. Neftin bir xammal kimi qiyməti aşağı düşürsə, deməli, benzinin də maya dəyəri aşağı düşməlidir. Ona görə benzinin qiymətini 5-10 faiz azaltmaq olardı. Lakin Rusiyada atılan addımı bizdə etmədilər”.
Nigar