Vəfa Quluzadə: «Nəinki təşkilatın vahid valyuta ideyası, ümumiyyətlə, Avrasiya Ittifaqının özünün gələcəyi sual altındadır»
Birləşmiş Krallığın xarici işlər naziri bəyan edib ki, London Moskvaya qarşı informasiya müharibəsində Rusiya elitasının maliyyə sirrlərini açıqlaya bilər. Filip Hammond bəyan edib ki, bu məlumatların açıqlanması Rusiya hakimiyyətinin xalqın gözündən salınması məqsədi daşıyacaq.
Qərbdən gələn təzyiqlərə bu addımın da əlavə edilə biləcəyinin açıqlanması Rusiyaya qarşı ciddi xəbərdarlıq sayılmalıdır.
Bundan başqa, rus rublunun acınacaqlı vəziyyətdə olduğu, iqtisadiyyatın hər ötən gün ciddi yaralar aldığı zamanda Kremldən daha bir utopik ideya səslənib. Rusiya prezidenti Vladimir Putin hökumətə və Rusiya Mərkəzi Bankına sentyabrın 1-nə kimi Avrasiya Ittifaqının vahid valyutaya keçidinə dair lazımi sənədlərin hazırlanmasına göstəriş verib.ÿ
Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və böyük ehtimalla Qırğızıstanın gələcəkdə vahid valyuta növündən istifadə edəcəyi gözlənilir. Vahid valyutanın tətbiqi Avrasiya Iqtisadi Ittifaqının nizamnaməsində də nəzərdə tutulub. Həmin sənədlərə əsasən, Ittifaqın 2025-ci ilə kimi Vahid Mərkəzi Bankı yaradılmalıdır.ÿ
Siyasi ekspertlərə görə, Qərb sanksiyaları və neftin ucuzlaşması fonunda, Vladimir Putin vahid pula keçid prosesini tezləşdirməyə məcbur qalıb. Gələcək valyutanın adı ilə bağlı da variantlar səslənib.ÿ
Qazaxıstan prezidenti vahid valyuta ilə bağlı iki variant təklif edib. Birinci təklif olunan ad – “altın”, ikincisi isə – “yevrazdır”.
Amma ekspertlər bu addımın reallaşa biləcəyinə şübhə ilə yanaşırlar. Çünki Rusiyanın Qərbdən aldığı zərbələr Avrasiya Ittifaqı idyealarını, demək olar, məhv edib. Ölü doğulmuş təşkilatın isə vahid valyutası ilə bağlı təşəbbüs isə hazırkı dönəmdə çətin reallaşar.
Politoloq Vəfa Quluzadə bildirdi ki, hazırkı dönəmdə Rusiyanın Avrasiya Ittifaqının vahid valyutaya keçidi ilə bağlı qərarı sözdən başqa bir şey deyil. Çünki Rusiya hakimiyyəti hazırda çox ciddi problemlərlə üz-üzədir. Digər tərəfdən isə, ümumiyyətlə, Putinin səhhətində ciddi problemlərin yarandığı və dövlət başçısının insult keçirdiyi barədə xəbərlər dolaşır. Bütün bunları nəzərə alaraq V.Quluzadə hesab edir ki, nəinki təşkilatın vahid valyuta ideyası, ümumiyyətlə, Avrasiya Ittifaqının özünün gələcəyi ciddi sual altındadır: “Valyuta məsələsini heç şərh etməyə dəyməz. Bu cəfəng bir məsələdir. Rusiyanın hazırda başı başqa problemlərə qarışıb”.
Britaniyanın Putini yaxın ətrafının bank hesablarını açacağı ilə bağlı hədələməsinə gəlincə, V.Quluzadə hesab edir ki, Qərb Putinin və onun ətrafının bank hesabları ilə bağlı məlumatları çoxdan ictimailəşdirməli idi: “Qərb Rusiyanın gizli hesablarını gərək çoxdan açaydı. Bu məlumatları gizli saxlamağın bir mənası yoxdur. Qərb əvvəl ümid edirdi ki, bəlkə Putin geri çəkilə. Amma bu baş vermədi”.
Xəyal