«Manatın devalvasiyası və kredit şərtlərinin ağırlaşması sığorta şirkətlərinin gəlirini 6-7 dəfə azaldıb»
Samir Əliyev: «Devalvasiya nəticəsində pulun dəyərdən düşməsi sığorta şirkətlərini zərərə salır»
Manatın devalvasiyası və Mərkəzi Bankın kredit şərtlərini ağırlaşdırması bu sektorun gəlirlərini yeddi dəfə azaldıb. Belə bir etirafı “Bakı Sığorta” şirkətinin Idarə Heyətinin sədri Ramil Ağayev edib. Onun sözlərinə görə, ötən il Mərkəzi Bank kredit şərtlərini sərtləşdirilməsi barədə qərar verib. Bu qərar isə sığortalanmış avtomobillərin sayına mənfi təsir göstərdi. Məhz bundan sonra sığorta şirkətlərinin gəliri 6-7 dəfəyədək azalıb. Bundan başqa, devalvasiya da bu prosesə mənfi təsir edib. Ona görə yaranmış situasiya sığorta şirkətlərinin əksəriyyətinə öz hədəflərinə yenidən baxmağa vadar edib.
Iqtisadçı Samir Əliyev bildirdi ki, manatın devalvasiyasından təkcə sığorta şirkətləri deyil, banklar da ciddi ziyan çəkir. Çünki bu qurumların öhdəlikləri dollarladır: “Devalvasiya nəticəsində pulun dəyərdən düşməsi sığorta şirkətlərini zərərə salır. Pərakəndə ticarətdə hökumət qiymət artımını inzibati yolla saxlayır. Amma maliyyə sektorunda qiymət artımını saxlamaq mümkün deyil. Çünki bu sahədə ödənişlər konkret tarixlə, dollarla həyata keçirilir. Ona görə zərər təkcə sığorta bazarına deyil, bank sektoruna, bank olmayan kredit təşkilatlarına da dəyir”.
S.Əliyev hesab edir ki, manatın devalvasiyasının acı nəticələri getdikcə özünü daha qabarıq formada göstərəcək.
Hikmət