Rusiyalı siyasətçi Boris Nemtsov ona arxadan vurulan güllələrdən ölüb. Bunu qətlə yetirilən zaman Nemtsovun yanında olan Anna Duritskayanın anası İnna Mixaylovna deyib. Onun sözlərinə görə, Anna Borisi restoranda gözləyib. Onlar şam edib evə getməyə hazırlaşırmışlar. Restorandan çıxandan sonra küçədə Anna Borisə taksi ilə getməyi təklif edib. Amma o bundan imtina edib və piyada gəzmək istədiyini deyib. Onlar körpünün üstü ilə gedəndə Anna ilə Boris əl-ələ tutubmuş. "Anya mənə dedi ki, bu zaman silah səsi eşidib. Boris büzüşüb və yıxılıb. Anya dedi ki, bundan bərk qorxub. O, əvvəlcə dərhal milisi köməyə çağırıb. Sonra isə mənə zəng etdi. Anya telefonda mənə belə dedi: “Ana, Borisi öldürdülər… Onu kürəyindən vurdular. Borisi güllələdilər. O, yerə yıxılıb, mən də onun yanındayam. Birinci zəngindən bir qədər sonra Anya mənə bir daha zəng vurub dedi ki, artıq milis maşınındadır və ifadə verir. Anyanı səhər saat 5-ə qədər maşında o polis bölməsinə, bu polis bölməsinə aparıblar. Orada ondan ifadə alıblar”.
Bu arada Ukraynanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək Ukrayna vətəndaşı olan Anna Duritskayanın öz ölkəsinə qaytarılmasını tələb edib.