Martın 1-i AXCP sədrinin müavini, tanınmış jurnalist, siyasi məhbus Seymur Həzinin doğum günüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Facebook səhifəsində paylaşdığı təbrikdə AXCP sədri yazır:
“Bu gün müavinim, ölkənin ən çox oxunan analitik yazarı, ən perspektivli gənclərindən biri Seymur Həzinin ad günüdür. Seymur bəy ardıcıl və cəsarətli mübarizəsinə görə rejimin şərinə tuş gəlib. 33 yaşını həbsxanada keçirir. Əziz Seymur bəyi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağllığı, xoşbəxt həyat, yüksək amallar uğrunda mübarizəsində uğur arzulayıram. Seymur bəy mübarizədə çoxdan olsa da, çox gəncdir. Hələ onun daha böyük uğurları qabaqdadır. İnanıram ki, hazırki sınaqlardan Seymur bəy daha da möhkəmlənərək çıxacaq. Təəssüf edirəm ki, ölkəmizin Seymur bəy kimi savadlı, hərtərəfli hazırlıqlı, enerjili gənclərinin qabiliyyətindən dövlətin inkişafı üçün istifadə olunmur. Əksinə, belə insanlar qondarma ittihamlarla cəmiyyətdən təcrid edilirlər. Yetər artıq! Millətin qabiliyyətli övladlarına düşmən kimi baxmaq siyasətindən imtina olunmalıdır. Millətin gerçək sərvəti neft, qaz yox, işıqlı insanlardır. Ölkədə neft erası başa çatırsa, insanlıq erası başlanmalıdır. Seymur bəyə və bütün haqsız yerə həbs olunmuşlara azadlıq!”.