Qalibi 2 il əvvəl bilinən bahalı tenderi ARDNŞ necə keçirdi və xərclər niyə böyükdür?
235 milyon çoxdur, yoxsa az? Xərclər şişirdilibmi?
Şahvələd Çobanoğlu
Azərbaycanda dövlət vəsaitləri ilə gerçəkləşən bir çox layihələrin həddən artıq baha olması, bu zaman xərclərin dünya standartlarına, mövcud iqtisadi reallıqlara və bazar qiymətlərinə uyğun olmaması, hətta bəzən xərclərin fantastik görünməsi son illərdə tez-tez səslənir. Mütəxəssislər, QHT-lər, araşdırmaçı jurnalistlər bu haqda zaman-zaman haray çəkirlər. Adi vətəndaşlar da bu xərclərin yüksək olmasına heyrət və narazılıqlarını ifadə edirlər. QHT-lərin və ekspertlərin apardığı əsaslı monitorinqlər də göstərir ki, bu layihələrdə korrupsiya riskləri çoxdur. Bu baxımdan, SOCAR TOWERS-in xərclərinin şişirdilib-şişirdilməməsi barədə sualın səsləndirilməsi çox təbiidir. Xüsusən də, təəccüb doğuran və şəffaflığa zidd olan yuxarıdakı halları nəzərə aldıqda bu sual çox aktual görünür.
Çox təəssüf ki, bu yöndə araşdırmalar apardıqda, suallar verdikdə dövlət orqanlarının təmsilçiləri, hətta narazı qalır, az qala hansı əsaslarla şübhəyə düşdüyümüzü soruşmaq istəyirlər. Halbuki heç bir şübhə olmadan da, bu layihələr ictimai nəzarətə qapanmamalı, şəffaflıq sorğularına açıq olmalıdır. Təsəvvür edin ki, nə az, nə çox, düz 235 milyon dövlət vəsaitinin taleyindən söhbət gedir. Həm də bu qədər vəsaiti cəmi bir binaya xərcləmək istəyirlər…
Iqtisadçı Vüqar Bayramov problemi belə ifadə edir: “Bir tərəfdən, bu tikintilərə ictimai monitorinq imkanları yoxdur, vətəndaş cəmiyyətinə və mətbuata tikintinin monitorinqini aparmaq imkanı yaradılmır. Digər tərəfdən, qiymətlər kifayət qədər yüksəkdir və bizim hesablamalar göstərir ki, bu vəsait Avropada inşa edilən eyni ölçüdə binanın xərcindən təxminən 2 dəfə çoxdur. Baxmayaraq, Avropada işçi qüvvəsi və materialların xərci Azərbaycan ilə müqayisədə xeyli yüksəkdir. O baxımdan təbii ki, qiymətlərin şişirdilməsi və vəsaitin təyinatından yayındırılması ehtimalı kifayət qədər böyükdür”.
Monitorinqlər üçün imkanlar olmasa da, mütəxəssislər müəyyən hesablamalar apara bilir, elə biz də bir çox müqayisələrə və təzadlara üz tuta bilirik…
Ilham Əliyevin bir çıxışından yaranan təzad
7 may 2010-cu ildə prezident Ilham Əliyev Kür daşqınlarına həsr olunmuş müşavirədə Bakının köçürülən ərazilərində əhalinin ödənilən pullardan narazılığını qınayaraq, Bakıda ən bahalı binalarda 1 kvadrat metrin qiymətinin 1500-1600 manat olduğunu demişdi (bax: http://az.apa.az/print.php?id=186554).
Xatırladaq ki, bu, satış qiymətidir. Ora biznes adamları öz qazanclarını da əlavə ediblər. Deməli, həmin bahalı bina bundan az xərcə başa gəlib və 1 kvadrat metrin maya dəyəri 1500-1600 manatdan xeyli azdır. Üstəlik, onlar bina üçün torpaq sahəsini, icazəni xeyli baha alırlar. Dövlət bu xərcləri çəkmir, qiymətə satış qazancı da əlavə etmir. Onda Bakının ən bahalı yerində ən bahalı tikintinin 1 kvadrat metrinin 1500 AZN-dən xeyli aşağı qiymətə başa gəldiyini qəbul etməliyik. Tutaq ki, 1000 manata.
Bəs onda SOCAR-ın binası niyə prezidentin dediyi satış qiymətindən də xeyli baha başa gəlir? Məsələn, 1880 manata.
Gəlin, sadə bir hesablama aparaq. 200 metr hündürlüyündə olacaq 40 mərtəbəli SOCAR TOWERS-in 100 min kvadrat metr istifadə sahəsi olacaq. Binanın başa gəldiyi 235 milyon dollar (185 milyon manat) xərci bu sahəyə bölsək, binanın 1 kv.m. sahəsi 1880 AZN-ə başa gəlir. 1000 manat hara, 1880 manat hara?
Iqtisadçı Rövşən Ağayev də deyir ki, Ilham Əliyevin dediyi qiymət tikililərin bazar dəyərilə bağlıdır: “Bazar dəyəri isə bəzən maya dəyərindən 4-5 dəfə də çox ola bilər. Deməli, həmin qiymətə satılan binalar həmin məbləğdən xeyli aşağı qiymətə başa gəlir. Azərbaycanda işçi qüvvəsinin hazırkı dəyərini, tikinti materiallarının qiymətini nəzərə alsaq, dizaynından asılı olmayaraq heç bir binada bir kvadratmetr tikintinin maya dəyərinin 1500 dollardan yüksək olacağı inandırıcı görünmür. Hazırda çoxmərtəbəli yaşayış evlərində hər kvadratmetr tikintinin maya dəyəri tam təmir nəzərə alınmaqla 500 manatdan çox deyil. Qoy inzibati binalarda xərclər bundan 2,5-3 dəfə çox olsun, bundan artığı mümkün deyil. Bunu nəzərə alsaq, deməli ARDNŞ-nin 150 milyon dollara 100ÿ000 kvadratmetrlik bina tikməsi tam realdır”.
Qazaxıstanın AsılTacı ilə (Emerald Towers) müqayisə
Astanadakı Asıl Tac – Emerald Towers 350 milyon dollara başa gəlib, 2010-cu ildə açılıb. 37, 43 və 54 mərtəbəli 3 bina-əkizdən ibarət olan bu kompleksin ən hündürü 210 metr olsa da 280 min kv.m. sahəyə sahibdir və 15 min adamın işləməsinə imkan verir. Sokar TOWERS-in 2200 nəfərlik binasını onunla necə müqayisə etmək olar? 15 min nəfər işləyəcək bu binada.
Üstəlik, AsılTacın 1 kv.metri 1250 dollara başa gəlib (350.000.000 /280.000=1250 $), Socar Toversin 1 kv. metri isə 2300 dollara. Nədən?
Bəhreyndəki Ümumdünya Ticarət Mərkəzinin Əkiz Göydələnləri ilə fərq
BÜTM 240 metr hündürlüyündədir. 50 mərtəbədir. Ondan 34-ü ofislərdir, qalanları isə ali dərəcəli xidmət sahəsidir – restoranlar, konfrans zalları və s. Burada 5 mərtəbəli maşın parkinqi sahəsi də var, 1700 avtomobil tutur.
Bu əkizlər neçəyə başa gəlib? Layihələşdirmə də daxil olmaqla 150 milyon dollara. Bina 2008-də tikilib. ARDNŞ-in 230 milyonluq əkizlərindən 80 milyon ucuz. Amma bir fərq də var. 150 milyon dollara binanın külək generatorları ilə təmin edilməsi də daxildir. Külək generatorları isə binanın xərclərinin tezliklə ödənilməsinə imkan verəcək. Üstəlik, bu əkizlər dünyanın ekoloji üstün 10 binası siyahısına daxildir. Bina arxitektura sahəsində məşhur mükafatlara layiq görülüb.
Sirs Tauer
Çikaqo nəhəngi Sirs Taueri tanımayan olmaz. O bir əfsanədir. Cəmi 50 min kvadrat metr sahədə tikilən (bizim əkizlər 12 min kvadrat tutur) binanın hündürlüyü 500 metri aşır. Zamanında 150 milyon dollara başa gələn bu nəhəng indi 950 milyon dollara başa gələrdi; bu arada bina satıldığı üçün, həmin hesablamanı ABŞ-dakı nüfuzlu qiymətləndirmə şirkətlərindən biri aparıb. Bəli, Sirs Tauer ARDNŞ-in yeni ofisindən 4 dəfə baha başa gələrdi. Amma bu bina 2000 nəfərin işləməsinə bəs edən bizim SOCAR TOWERS-dən fərqli olaraq 350 min adamın işləməsinə bəs edir. Görün fərq nədədir. Maraq üçün araşdırdıq və bəlli oldu ki, bu binada yerləşən şirkətlərdən 50-nin işçi sayı 2 mini aşır. Ildə 1 milyon turist qəbul edən bina xərclərinin bir hissəsini icarəsiz çıxarır.
2000 əlahiddə nəfərin iş yeri üçün?
SOCAR TOWERS-lə bağlı yuxarıdakı məqamlarla yanaşı, mütəxəssislər daha bir məsələyə diqqət çəkir: tutaq ki, xərclər şişirdilməyib, israfçılıq edilməyib. Bəs bu qədər xərcin cəmi 2200 nəfər işçinin iş yeri üçün sərf edilməsi nə qədər doğrudur? Bu qədər adamın iş yeri üçün bu qədər xərcə dəyərdimi? Rəsmi açıqlamaya görə, bina 2000-2200 nəfərin işləməsi üçün nəzərdə tutulub.
Ekspert Rövşən Ağayevin hesablaması: “Hələ ümumiyyətlə, baxmaq lazımdır ki, çoxsaylı müstəqil istehsal vahidləri, yəni müəssisələri olan şirkətin 2000 nəfərlik mərkəzi aparat saxlamasına ehtiyac varmı? Nəzərə alaq ki, bu müəssisələrin də hər birinin özünün idarəetmə aparatı var.
Amma hətta 2000 nəfərlik heyətlə işləmək zəruri olduğu halda belə, 1 əməkdaşa maksimum 15-20 kvadratmetr işçi sahəsi nəzərdə tutmaqla, uzağı 30000-40000 kvadratmetrlik ofislə bu tələbatı ödəmək olar. Yəni ARDNŞ-in planlaşdırdığından 2,5-3 dəfə kiçik bina ilə”.
Xatırladaq ki, ARDNŞ-in ümumilikdə 70 mindən bir az çox işçisi var, Rusiyanın dövlət neft nəhəngi “Rosneftin” isə 150 mindən çox işçisi var, dövriyəsi, hasilatı isə ARDNŞ-lə müqayisədə həddən artıq böyükdür. Amma “Rostneft” xeyli əvvəl 1499 nəfərlik mərkəzi aparatından əməkdaşların 10 faizini ixtisar edib. Üstəlik də, həmin aparat ARDNŞ-in indiki ofisi kimi əsrlik ömrü olan 4 mərtəbəli gözəl bir binada yerləşir. Elə ARDNŞ-in də indiki binası olduqca gözəldir…
Tanınmış ekspert, Azad Iqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab Ismayılın şərhi isə daha böyük təəccüb yarada bilər: “Məsələ bundadır ki, həmin 2000 nəfər işsiz deyil, onlar bu gün SOCAR-ın işçiləridir və onun müxtəlif binalarında işləyirlər. Həm də kifayət qədər yaxşı binalarda. Amma deyəsən hamı unudur ki, SOCAR-ın ildən-ilə istehsalı azalır. Ən dəhşətlisi odur ki, buna rəğmən şirkətin işçilərinin sayı artır”.
“Rosneftin” əsas binası
Vüqar Bayramov isə eyni məsəlin başqa tərəfini önə çəkir: “Əsas problem ondan ibarətdir ki, bu binaya ehtiyac iqtisadi baxımdan əsaslandırılmayıb. Tutaq ki, 2000 nəfər işçisi olan ARDNŞ üçün kifayət qədər bahalı və böyük binanın tikintisini əsaslandırmaq olduqca çətindir. Belə çıxır ki, hər bir işçiyə ayrılan ofis sahəsi 117 min dollara başa gələcək. Yəni, bir işçinin stol-stulunu yerləşdirib onun işləməsi üçün 117 min dollar xərclənəcək. Bu isə absurddur. Başqa tərəfdən, hətta bu işçilərin yaradacağı orta dəyəri də nəzərə aldıqda binanın tikintisinə ayrılan vəsait uzun müddət özünü geri qaytarmayacaq”.
Xərci çox olan xərclər…
Iqtisadçı ekspert Zöhrab Ismayıl ARDNŞ-in bir çox layihələrinin və xərclərinin monitorinqində yaxından iştirak edib. Bu şirkətin fəaliyyəti ona xeyli tanışdır. O, əminliklə deyir:
– ARDNŞ-in bütün xərcləmələri bahadır. Məsələn, mənzil tikintisi. 2009-cu ildə mənzil tikintisinə qoyulmuş vəsaitlərin təhvil verilmiş mənzillərə nisbəti 855 manat/kv. m. təşkil edib. Eyni zamanda 2008-ci ildə SOCAR-ın inşa etdiyi Cəlilabad müalicə diaqnostika mərkəzinin hər kvadrat metri 1701 manata, Qazax MDM 1611 manata, Balakən Mərkəzi Xəstəxanasının isə hər kvadrat metri 1468 manata başa gəlib.
SOCAR TOWERS-ə gəldikdə də Zöhrab Ismayıl eyni fikri dəstəkləyir: “Məncə, bu rəqəm azı 2 dəfə çoxdur. Lakin bunu monitorinq edib, sübut etməyə imkan vermirlər”.
Digər ekspert Vüqar Bayramov isə deyir ki, indi Bakıda 1 kvadratmetri 1500 manatdan baha başa gələn bina yoxdur: “Eyni zamanda həmin xərcə torpağın alınması, qeyri-rəsmi ödənişlər və s. də daxildir. Bu xərcləri kənara qoysaq və yalnız tikinti xərclərini hesablasaq ən baha tikinti kv.m. üçün 600 manatdan artıq deyil”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban isə deyir ki, hətta ola bilsin, qarşıda 235 milyon dolların bəs etmədiyinin və tikintiyə əlavə vəsaitin ayrılmasının şahidi olacağıq. Çünki bu cür sonluqlar çox olub.
Mövzu ilə bağlı söhbət etdiyim bütün ekspertlər dövlət satınalmalarında xərclərin baha olmasında şəffaflıq problemlərinin və korrupsiya risklərinin olduğunu önə çəkir. Onlar deyir ki, məhz bu problemlər olmadığı üçün Bakıda tikilən özəl binaların, biznes mərkəzlərinin tikinti xərcləri, həmin layihələri həyat keçirənlərin daha ciddi əngəllərlə üzləşməsinə baxmayaraq, kifayət qədər aşağı olur.
Bu il martın 1-də Beynəlxalq Şəffaflıq Təşkilatı -ÿTransparency Internationalÿ və Gəlirlərə Nəzarət Institutunun (Revenue Watch Institute) yaydığı hesabat da çox şey deyir. Dünyanın 44 ən böyük neft-qaz şirkətinin ictimaiyyətə nə qədər açıq olmasına dair həmin hesabatda ARDNŞ “0″ bal alıb. Amma biz ”0″-la ifadə edilən bir məbləğdən söhbət etmirik, həmin məbləğdə sıfırların ardıcıl sayı adamın başını fırladır…
P.S. Bu araşdırma “SCOOP-Caucasus” layihəsi çərçivəsində həyata keçirilib.