Aslan İsmayılov
Bu dəqiqələrdə xəbər tutdum ki, Azərbaycanın görkəmli alimi, dünyada tanınan tarixçi, professor, tarix elmləri doktoru, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli fevralın 20-də Yasamal rayon məhkəməsinin hakimi Aqşin Əfəndiyevin sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Günel Həsənlinin cinayət törədib törətməməsinə qiymət vermək fikrində deyiləm. Təyin olunmuş cəzaya münasibət bildirməmək və bu hökmün məhz Cəmil Həsənlinin siyasi mövqeyinə görə qanunsuz olduğunu deməmək mümkün deyil. Günel Həsənli cinayət törətmiş olsa belə heç cür ona bu cür cəza təyin edilə bilməzdi. 30-ildən yuxarı olan hakimlik, prokurorluq, vəkillik təcrübəmdə belə hökmə rast gəlməmişəm. Həmin maddə iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri nəzərdə tutur. Günel Həsənli əvvəllər məhkum olunmamış, 2 azyaşlı uşaq anası, hadisədən dərhal sonra “zərərçəkən”ə lazımi köməkliyi göstərmiş, müsbət xarakterizə olan bir azərbaycanlı xanımıdır.
Təyin olunmuş cəzanın məqsədinin Cəmil Həsənlini siyasi fəaliyyətinə görə cəzalandırmaq olması gün kimi aydındır. Hakimiyyətin qanunsuz tapşırığını yerinə yetirilməsinə başçılıq edən isə 2002-ci ildən Azərbaycan Ümumi Məhkəmə hakimlərinin Assosiasiyasının sədri, 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının və Hakimlərin intizamına dair məsələlər üzrə Azərbaycan-Avropa Şurası işçi qrupunun üzvü olan, Yasamal məhkəməsinin sədri Ələddin Cəfərovdur. Məhz bu “rəhbərlər”in fəaliyyətinə görə Azərbaycan məhkəmələrinə etibar edən vətəndaş yoxdur və məhkəmələr lağ obyektinə çevrilib. Elə bu günlərdə hamının diqqətlə izlədiyi Lamiyə Quliyeva olayları bir daha dediklərimi bütün ölkəyə göstərdi (https://www.facebook.com/Aslan.Z.Ismayilov/posts/929790033706153).
Bu gün bu tapşırığı verənlərə səslənirəm: Lamiyə Quliyeva ilə bağlı baş verənlər heç sizə dərs olmadımı?! Hüquqşünasın istinad nöqtəsi qanun olduğunu bilirəm. Qanunları da saymadığınızı bildiyimdən bir daha sizə xatırladıram, Allahdan qorxun! Allah bəndə deyil ki, yerə düşüb barmağını soxub gözünüzü çıxarda. Elə bu günlərdə sizin hər birinizə Lamiyə işində qanunsuz edənlərin faciəsini göstərmədimi? Sizin balalarınız yoxdurmu? Kişi kişini balası ilə sınağa çəkərmi, oldu ki, qız balası ilə? Niyə müxalifətdə olanları zorla müxalifət mübarizəsindən, düşmənçilik mübarizəsinə çəkirsiniz?
Mən və məni kimi minlərlə haqsızlığa göz yuma bilməyənlər, müxalifətdə olmasalar da sizə düşmən gözü ilə baxacaqlarını düşünmürsünüzmü?