Manat da ucuzlaşmağa başladı. Sadə bir insan da bunun ölkəyə yaxşı şeylər vəd etmədiyini anlayır. Amma bununla belə, böyük çoxluq tərəfindən məsələyə dünya bazarında benzinin ucuzlaşmasında olduğu kimi, soyuq bir reaksiya var. Səbəbi aydındır. Illərdir onca neft milyardları axan ölkənin tarif cədvəlində insan ən ucuz kateqoriya sırasında dayanır. Bu qədər böyük gəlirlər qarşılığında belə, hökumət ölkəni ucuz işçi koloniyası statusundan çıxarmağı bacarmadı. Ya da heç bunu istəmədi. O üzdən, artıq insanları heç bir ucuzlaşma, iqtisadi depressiya, yoxsulluq və tənəzzül təhlükəsi qorxutmur anlaşılan. “Daha betəri olacaqmı?” deyərək əlini yelləyən insanlarımızın sayı da saysız-hesabsız bu günlərdə. Doğrudan, daha betəri ola bilməzmi?…
Belə bir hekayə oxumuşdum. Yaşlı bir insan təqaüdə çıxır və özünə məktəbin yanında ev alır. Köçdüyü evdə bir neçə həftə sakit yaşayır, amma sonra dərs ili başlayır. Elə ilk gündən evinin qapısından keçən məktəbli uşaqlar çığır-bağırla yaşlı insanın hüzurunu qaçırır. Bu hal günlərlə davam edir və sonda yaşlı adam tədbir görməyə qərar verir. Ertəsi gün uşaqlar səs-küylə yaxınlaşarkən, qapının önünə çıxıb onları dayandırar və deyir: “Çox gözəl əylənirsiniz. Bu nəşənizi daim davam etdirin. Mənə gəncliyimi xatırladırsınız. Hər gün buradan belə sevinc içində, səs-küylə keçdiyiniz zaman sizə bir dollar verəcəyəm?. Təklif uşaqların xoşuna gəlir və beləcə, yollarına səs-küylə davam edirlər. Bir neçə gün sonra yaşlı adam yenə uşaqların önünə çıxıb deyir: ”Uşaqlar inflyasiya mənə də təsir etməyə başladı. Bundan belə sizə yalnız gündə əlli sent verə bilərəm". Bu xəbər uşaqların xoşuna gəlmir, amma çarəsiz razılaşırlar. Aradan bir neçə gün keçir və yaşlı adam yenə qarşılayar onları. “Baxın, uşaqlar, hələ maaşımı almadım, üzrlü sayın, sizə gündə ancaq 25 sent verə bilərəm, olarmı?”. Uşaqlar: “Lap ağ oldu, gündə 25 sent üçün sizə xidmət edəcəyimizi düşünürsünüzsə, yanılırsınız. Biz artıq bu işi buraxırıq”.
Indi ölkənin durumu da təxminən buna bənzəyir. On illərdir idarəetmə adına boş səs-küydən başqa bir şey bacarmayan hökumət dalana dirənir artıq. Hekayədəki uşaqlar kimi çığır-bağır qoparmağı iş sayan düşüncənin bu günü olmalıydı sonunda. Əməksiz və əziyyətsiz qazanc əldə etmək, varlanmaq, şişmək, milyarderə çevrilmək… Nə qədər asanmış, doğrudan da! Nə qədər asanmış, istismarçı bir sistem qurub durduğun yerdə milyonlara sahib olmaq. Başqalarının alın təri, əl qabarı, çiyin yükü haqqını mənimsəyib süd gölündə üzmək! Nə qədər asanmış, insaf və vicdan hissini öldürüb, həya etmədən yoxsulluq içində əzilən milyonların payına belə göz dikmək…
Əslində, bir ölkədə bütün bunlar nədən asanlıqla olur, bilirmisiniz? Çoxluğun vecsizliyindən, susqunluğundan, biganəliyindən və mütiliyindən. Axı bu zəngin ölkənin ucuz işçi bazarına çevrilməsi, insanların dəyərcə ən ucuz kateqoriyaya salınması və bütün haqlarının əlindən alınması boşuna baş verməyib. Haqqına sahib çıxa bilməyənin haqqını yemək istəyən çox tapılar. Əsas odur ki, öz haqqını kimsəyə yedirməməkdə israrçı olasan. Yuxarıda “daha betəri ola bilməzmi?” sualını da boşuna səsləndirmədim. Insanların ucuzlaşmış dəyərinə razılaşdığı və səsini çıxarmadığı yerdə betərin betəri də var. Üstəlik, o bir dollara fərli bir iş gördüklərini sananlar da bundan sonra çətin həmin 25 sentə sahib dursunlar. O halda kəsirlərin yeri necə doldurulacaq? Əsl fəlakət də bax elə o sualın ətrafında yarana bilər…