ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfərini AXCP sədrinin müavini Razi Nurullayev “Amerikanın Səsi” nə şərh edib. Onun fikirlərini qısa ixtisarla dərc edirik.
“Viktoriya Nulandın da təsdiqlədiyi kimi ABŞ Azərbaycanla təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələrində əməkdaşlıq edir. Təhlükəsizliklə bağlı əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Hər zaman da belə olub. Azərbaycan Əfqanistan və Kosovada ABŞ-la bərabər anti-terror və sülhyaratma əməliyatlarında iştirak edir. Əfqanistan üçün təchizat, daşınma və digər məsələlərdə öz ərazisini koalisiya qüvvələrinə verib.
İqtisadiyyat-enerji sahəsində də uğurlar var. ABŞ-ın özünün Azərbaycandan birbaşa idxal etdiyi məhsul yoxdur. ABŞ-ın marağı Avropa Birliyinin enerji təhlükəsizliyinin təminatı və müxtəlifləşdirilməsidir. Bunun üçün Bakı-Ceyhan neft kəməri var. Hazırda ABŞ Cənub Qaz Dəhlizinin də lobbiçilərindən biridir. Hərçənd ki, Avropa Birliyi NABUCCO layihəsində daha maraqlı idi, amma bunu reallaşdıra bilmədi. Azərbaycan hakimiyyəti təkbaşına qərar verərək Türkiyə ilə TANAP layihəsini imzaladı. Məqsəd eynidir. Avropaya qaz nəql etmək. O baxımdan ABŞ-ın maraqlarına cavab verir. Demək ki, bu sahədə də çox ciddi problem yoxdur. İqtisadi məsələlələrlə bağlı bir sıra problemlər var və bunu iqtisadçıların şərhinə buraxıram.
Qalır sonuncu prioritet. Demokratiya məsələsi. Bu ən ağrılı məsələdir və ABŞ-la Azərbaycan arasında yaşanan gərginliyin də kökünədə bu dayanır.
Viktoriya Nulandın səfərində yadda qalan əsas məsələ bu oldu. Demokratiya və insan hüquqları sahəsində əməkdaşlıq daha da genişlənəcək. Bunun üçün, artıq Avropa Şurasının iştirakı ilə yaradılan İşçi Qrupla paralel işləyəcək ABŞ-Azərbaycan ikitərəfli qurumun yaradılması barədə razılıq əldə olunub. Mənə belə gəlir ki, ABŞ təhlükəsizlik və enerji layihələrini də insan hüquqları və demorkatiya məsələsinə bağlamaq cəhdi göstərməkdədir. Hər üç prioritet üzrə bərabər şanslar və uğurlar olmalıdır. Nuland demokratik inkişaf üçün vətəndaş cəmiyyəti və hökumət aasında dialoqun olması barədə mətbuat konfransında bir neçə dəfə təkrarçılığa yol verib. Belə görünür ki, əsas mövzu, məhz elə bu olub.
Avropa Şurası ilə birgə yaradılan İşçi Qrup ciddi nəticələr ortaya qoya bilmədi. Bu qurumun fəaliyyəti dövründə bir neçə dəfə də səs-küylü həbslər həyata keçirildi. Vətəndaş cəmiyyəti ilə bağlı məsələlər tam açıqdır və həllini tapmayıb. Demək olar ki, üçüncü sektor ölümcül vəziyyətə gətirilib. Onlarla beynəlxalq təşkilatlar, o cümlədən ABŞ təşkilatları bağlanıb. Bu sahədə münasibətlərin normallaşdırılması üçün bağlanan beynəlxalq təşkilatlar ölkəyə qaytarılmalı, onların işləməsi üçün lazımi şərait yaradılmalı, Azadlıq radiosunun fəaliyyəti əvvəlki rejimdə bərpa edilməli, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə edilən son dəyişikliklər ləğv edilməli və
siyasi məhbsular azad olunmalı, 2015-ci ildə Parlament seçkilərinin azad və demokratik keçirilməsi üçün konkret addımlar atılmalıdır.
Məsələ burasındadır ki, Viktoriya Nuland rəngli inqilablar haqqında kifayət qədər konkret danışıb. Əslində, onun bu barədə dedikləri bir mesaj kimi də səslənir. Əgər vətəndaş cəmiyyəti ilə dialoq qurmasanız və onları sıxışdırmaqda davam etsəniz, məhz bu rəngli inqilablara gətirib çıxara bilər. Məncə, onun bu barədə verdiyi mesaj netdir. Vətəndaş cəmiyyətinə basqı dayandırılmalı və onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Əks halda, rəngli inqilab qaçılmaz ola bilər. Bu dediyim, əslində diplomatik dildən normal dilə çevrimədir”.