Yaxud mənəvi və seksual çatışmazlıqdan gileylənənlərə sözardı
“Lamiyə olayı”nın əsas fiqurantı- Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovu dolayı yolla müdafiə edənlər də var. Onların arasında “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun və ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevin söylədikləri daha dözülməz və ən azı jurnalist etikasına ziddir.
Bəxtiyar Sadıqov həm də deputatdır. Üstəlik, rəhbərlik etdiyi qəzet Milli Məclisin orqanıdır. Lakin mətbuatın məktəbli ikən təcavüzə uğrayan bir qızın acı taleyindən bəhs etməsini “çox mənəviyyatsız bir mövzu ilə məşğuliyyət” adlandırması Bəxtiyar Sadıqovun üzərinə götürdüyü mənəvi, ictimai-siyasi statusa yaraşmır. Bu azmış kimi, Lamiyə Quliyeva ilə bağlı hadisələri “cəmiyyət üçün əhəmiyyətsiz mövzu” hesab edir, hətta bu mövzunu gündəmdə saxlayan mətbuat orqanlarının sifarişlə – pul alaraq yazdıqlarını vurğulayır. “Əməkdar jurnalist” fəxri adını daşıyan bir şəxsin (həm də millət vəkilinin) mənəvi dəyərlər və cəmiyyəti narahat edən problemlərlə bağlı prinsipləri, öhdəliyi nədir, başa düşülmür…
Bu barədə yazılıb, bir də təkrarlayaq: bəlkə, “Azərbaycan” qəzetinə parlament yox, “ölüm elanları qəzeti” imicini qazandırmaqdır prinsipiallıq? Yoxsa, yüksək vəzifəli şəxslərə qəzetin bir nömrəsində bir neçə başsağlığını dərc etmək, səhifənin yarısını bu “mövzuya” ayırmaqdır öhdəlik? Bir qəzetin çörək pulunu “nekroloq biznesi”ndən çıxarması da “sifarişlə yazmaq” kimi ağır deyilmi?
Puldan-biznesdən söz düşmüşkən, Bəxtiyar Sadıqov əxlaqi-mənəvi mövzuda çox həssasdırsa, onda nəinki ölüm elanlarında, qəzetin reklam işində də diqqətli olmalıdır. Yəni “Azərbaycan” qəzeti parlamentin orqanı kimi reklam mövzusunda da ciddiliyi ilə fərqlənməlidir. Məsələn, qəzetin 13 yanvar tarixli nömrəsindəki “Ardımca gəl Dubaya” reklamının məzmununu qeyri-əxlaqi hesab edib, onun dərcindən imtina etmək əsl prinsipiallıq olardı!
“Lamiyə olayı”na Mirşahin Ağayevin “özəl baxışı” da ürəkbulandırıcıdır. Məktəbli bir qızın namusuna toxunulması və onun sonrakı müsibətlərinə ictimai marağı “cəmiyyətin seksual çatışmazlığı” kimi qələmə verən şəxs ən azı jurnalist olduğunu unutmamalıdır. Üstəlik, Lamiyə Quliyevanı bu günlərdə fahişəxana açmaqda ittiham edilən bir xanım müğənni ilə müqayisə etməyin özü elə “seksual çatışmazlıq”dan xəbər verir…
Mirşahin Ağayev də həmkarı Bəxtiyar Sadıqov kimi “əməkdar jurnalist”dir. Bu halda, söylədikləri üçün ikiqat məsuliyyət daşıyır. Ancaq bir azərbaycanlı qızın, ailənin faciəsindən doğan həyəcana “cəmiyyəti başına, ağzına alan bu kəskin seksual çatışmazlıqdan qoruyucu vasitə mütləq tapılmalıdır” kimi ifadələrlə mövqe bildirməsi, təkcə qeyri-ciddilik yox, həm də Azərbaycan qadınına, ailəsinə, cəmiyyətinə hörmətsizlikdir… Bir də, ANS-ə xas vətənpərvərlik çağırışı: “Sərhəd kəndləri atəşə tutulur, şəhid veririk, neftin qiyməti düşür, pilotsuz aparat qalxır, vururuq, bu çoxlarını maraqlandırmır. Amma Lamiyə və onun körpəsi… Camaat belə xəbərləri görməmişcəsinə oxuyur”.ÿ
ANS-çilər üçün Qarabağ – Vətən mövzusu prioritetdirsə, onda “Lamiyə olayı”ndan da ən çox onlar təsirlənsin gərək… Çünki, sadə ailələr övladlarını cəbhəyə yollayanda, harın məmur balaları isə arxada qalıb onların namusuna da göz dikir?! ANS zamanında bircə bunu doğru deyib: “Döyüş alnınıza yazılıb!?”
Bu yazını “cəmiyyətin seksual çatışmazlığına” əlac axtaran ANS PRESS-in intim xəbər başlıqlarından nümunələrlə bitiririk: “Bu şirkətin ən yaxşı işçisinə porno ulduzla bir gecə təklif olunur”, “Dəb yarışmasındakı qızın çılpaq fotoları yayıldı”, “Anasının yanına gələn kişilərlə cinsi əlaqəyə girən 15 yaşlı qızdan xəbər”, “Dəhşət: Azərbaycanda əqli qüsurlu qız zorlandı”, “Rəqsanənin yarıçılpaq fotoları”…
Şövkət Məmməd