Təbiətdə izahatı mümkünsüz görünən hadisələrə tez-tez rast gəlinir. Efiopiyada baş vermiş bu olay da belələrindəndir.
Efiopiya qızların zorla erkən nikaha məcbur edilməsinə görə öndə gedən ölkələrdən biridir. BMT bu ölkədə nikahların 70 faizinin məcburi bağlandığını bildirir. Efiopiyada nikah üçün nəinki qızlardan, heç onların valideynlərindən də razılıq alınmaması geniş yayılıb. Sadəcə, qızları erkən yaşlarında qaçırır və ailə həyatı qururlar.
12 yaşlı bu efiopiyalı qızın da başına eyni tale gəlməliydi. O, məktəbdən evə qayıdarkən 7 nəfər kişi onu oğurlayır. Məqsəd qızı təcavüza məruz qoymaq və kişilərdən birinə ərə getməyə məcbur etmək olur. Onlar məqsədlərinə tam yaxınkən ana təbiətin möcüzəsi baş verir. Kişillərin qızı qaçırdığı yerdə qəfildən haradansa 3 şir peyda olur. Kişilər şirləri görcək qızı olduğu yerdə qoyub qaçırlar. Qız isə atıldığı yerdə də durur. Şirlər isə qıza hücum etmir, əksinə onun yanında dayanaraq sanki onu qoruyurlar.
Qızın axtarışına çıxan polislər bir müddətdən sonra həmin yerə gəlirlər. Onlar gördüklərinə inanmırlar. Qız şirlərin əhatəsində sağ-salamatdır. Şirlər polislərin yaxınlaşması ilə qızın yanından çəkilib gedirlər. Polis zabiti gördüklərini belə izah edib: “Bu, talenin hədiyyəsi idi”.
Şirlər niyə qızın köməyinə gələ bilərdilər? Cavab yalnız ehtimal olunur: onlar qızın qışqıraraq çıxardığı səsi bala şirin çıxardığı səslə qarışdırıblar. Bəs onlar qız tək qaldığı halda onu niyə parçalamayıb, yanında duraraq polsilər gələnə qədər gözləyiblər? Burda heç hər hansı ehtimal da köməyə çata bilməz. Yalnız onu demək olar ki, görünür, efiopiyalılar şiri təsadüfən özlərinin milli simvolu seçməyiblər.