Yaltaqlıq qanımıza elə yeridilib ki, bütün vəzifəli şəxslərin bu dövrdə bildiyi ən kamil elm yaltaqlıqdır
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur
Qurban Məmmədov
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülsüm xanımın əziz xatirəsinə ithaf edirəm
– Siz nə danışırsınız? Hakimlərin arasında mənim yaxın dostlarım, tələbə yoldaşlarım, keçmiş vəkil həmkarlarım, hələ qohumlarım da var. Niyə onlara, belə deyək də, ən azı özümünkülərə nifrət etməliyəm?
– Hörmətli vəkil, səmimi olun, heç olmasa, siz səmimi olun! Xahiş edirəm, sizə belə heç yaraşmır. Axı mən sizi az da olsa, qiyabi olsa da, tanıyıram, fəaliyyətinizi izləyirəm, siyasi mövqeyinizə də bələdəm. Demək olar, adınız keçən bütün məqalə və müsahibələri oxuyur, teleçıxışlarınızı izləyirəm. Xüsusilə də, “möhtərəm” haqqında olan çıxışlarınızı işdən sonra internetdən tapıb təklikdə çox baxmışam.
– Çox sağ olun.
– Yox, dəyməz, mən bunu “sağ ol” üçün demirəm. Sizə yarınmaq, yaltaqlanmaq ehtiyacım da yoxdur. Mən bunun planını çoxdan doldurmuşam.
Bir anlığa fasilə verib:
– Yaltaqlıq qanımıza elə yeridilib ki, bütün vəzifəli şəxslərin bu dövrdə bildiyi ən kamil elm yaltaqlıqdır. Bəli, elm. Yaltaqlıq çox vacib elm imiş. Hakimliyin mənə öyrətdiyi həyat dərslərindən biri də budur. Fikrim dağıldı deyəsən. Sadəcə, demək istəyirəm ki, səmimi olun, ən azı indi, burda, gecənin bu vaxtında. Mənim indi səmimi bir adama çox, həm də lap çox ehtiyacım var. Bəlkə, sizi Allah göndərib, məhz burada, bu məqamda, bu halımda sizinlə danışım, söhbətləşim, dərdimi deyim, içimdəki çirkabı töküm, etiraflarımı edim ki, bəlkə bir az yüngülləşim. Deyirlər, xristianlıqda günahkar adamlar kilsəyə gedib oradakı bir keşiş vasitəsilə günahlardan təmizlənə bilirlər. Siz də hesab edin ki, mən o günahkar bəndə, siz də keşişsiz. İnciməyin sözlərimdən, xahiş edirəm, mənimlə səmimi, açıq olun.
– Düzdür, xristianlarda elə bir şey var. Ancaq iki yaradılandan biri o birinin, iki günahkar bəndədən birinin digərinin, günahkarın günahlarını bağışlaması, sizcə, mümkündürmü? Haqq sahibi yalnız özü bağışlaya bilər. O da Allahdır. Yaradanın əvəzindən bağışlamaq ona şəriklikdir. Bu isə çox böyük günahdır. Mən heç keşiş olmaq istəməzdim.
– Xristianlıqda həqiqətən belədir. Keşiş pərdə arxasında dayanıb öz günahlarını etiraf edən adamı dinləyir və onu günahlardan təmizləyir. Kinolarında görməmisiniz?
– Görmüşəm, siz düz deyirsiniz. Mən, sadəcə, demək istəyirəm ki, bu hərəkət düzgün deyil və islam dininə ziddir. Sizcə, insanın düzəltdiyi kompüterlərdən biri xarab olsa, o biri kompüterlər onu düzəldə bilərmi, təmir edə bilərlərmi? Əslində, xristianlıqla islamın fundamental fərqlərindən biri də elə budur. Onlarda Allahla bəndə arasında vasitəci – keşiş var. İslamda isə bəndə birbaşa Allahla təmasa girir, ona dualar edir, birbaşa Tanrının özündən istəyir arzuladıqlarını, diləyini, bağışlanmasını, tövbələrinin qəbulunu.
– Başa düşmədim, bu necə olur ki, insan Allahdan birbaşa necə istəyə bilər ki?
– Siz namaz qılmırsınız?
– Dərdimi təzələmə, yoldaş vəkil, nə namaz, mənim yurdumu elə namaz dağıtmadımi?
– Əstağfurulla, belə danışmayın. Məmləkətin hakimi dərdlidirsə, gör kasıblar, işsizlər, arxasızlar, zəiflər, xəstələr, şikəstlər, aşağılar nə gündədir, hakim qardaş? – deyə, gülümsəyərək ona baxdım.
– Xoş onların halına. Vallah, onlar məndən, elə hakimlərin, vəzifədə olanların hamısından min dəfə xoşbəxtdirlər. Cəlil Məmmədquluzadə necə deyirdi: “Ən böyük dərd qanmaq dərdidir”. Qanmaq, həqiqətən də, çox böyük dərd imiş, yoldaş vəkil.
– Demək istəyirsiz ki, aşağıdakılar qanmırlar?
– Vəkilliyin yadına düşməsin. “Sən” deməyimdən də incimə, sən Allah, sən də mənə “sən” de. Belə daha rahat olaram. Biz indi məhkəmədə deyilik ki, məndən söz tutursan. Dərdim mənə artıqlaması ilə bəs edir indi. Qanmağına hamı qanır, niyə qanmaz olurlar ki. Ancaq biz qandığımızı onların qanmamağı da təbiidir. İnsan görmədiyi, bilmədiyi şeyi necə qana bilər ki?.
– Elə çox vaxt da səhvimiz bunda olur. Qanmaq, başa düşmək, dərk etmək üçün mütləq gözlə görməyə, şəxsən o hadisələri yaşamağa ehtiyac yoxdur axı. Allahı gözlə görmürük deyə, onu yox hesab edə bilərikmi? Yaxud da ayağı sınmış adamın acı çəkməsini dərk etmək üçün mütləq ayağımız sınmalı deyil ki?
– Qardaş, bunlar hamısı aydındır. Bunları mən də bilirəm. Ancaq…- duruxdu, pauza verdi, hiss etdim ki, daxili tərəddüd keçirir, deyəcəklərini götür-qoy edir – gəl açıq danışaq, səmimi olaq. Səncə, bir fəhlə, hakimin qanunsuz, yəni tapşırıqla qərar qəbul etməsinin sirrini dərk edə bilərmi? O başa düşə bilərmi ki, hansı metodlarla hakimlər qanunsuz qərarlar qəbul etməyə məcbur edilirlər? Hə, başa düşə bilərmi? Hakimin öz mənliyini itirməsinin əsl səbəblərini anlaya bilərmi?
Sualı verib, özü də cavabını izah etməyə başladı:
– Heç vaxt, qətiyyən! Hakim olmayan, o prosesləri yaşamayan adam bunu başa düşə bilməz, qana bilməz, dərk edə bilməz.
– Sən demək istəyirsən ki, bu dekabr ayında, yanımızdakı bu dəniz suyunun soyuq olmasını bilmək üçün ora baş vurmalıyıq? Fəhləsi də, kəndlisi də, vəzifəli-vəzifəsizi də bilir ki, qışda su soyuq olur, donur.
– Mən başqa şeydən danışıram, sən başqa şeydən. O adamların, səncə, neçəsi soyuma, donma prosesinin elmi izahını bilər? Soyuq olduğunu bilər, ancaq niyə soyuq olduğunu neçəsi qanar? Bunun üçün savadı olmalıdır, fizikanı, kimyanı bilməlidir.
– Başa düşmədim, qanunsuz qərar qəbul etməyə məcbur etmənin və ya qanunsuz hökm çıxarmanın da elmi var? Tərəflər, onsuz da elmsiz-zadsız sənin qərarının qanuni olub-olmamasını dərhal bilirlər. Buna nə elm?
– Çox-çox üzr istəyirəm, mən söz güləşdirməyin tərəfdarı deyiləm və səndən də xahiş edirəm burada vəkillik-hakimlik etməyək. Məni anlamağa çalışın.
Dayandı. Danışmadı. Gözləri yenə də dirəndi. Haralarasa getdi. Cismi oturacaqda, mənim yanımda olsa da, ruhu uzaqlarda idi. Hərdən dodaqları tərpənir, ancaq səs çıxmırdı. İçi ilə danışırdı.
Hiss edirdim ki, daxili doludur. Hansı dərdsə onu dilləndirir. Həm də yaxasından tutub əl çəkmir deyə, tez-tez dalğınlaşır, fikrə gedir, gözləri yol çəkir.
İndi də mən keçmişəm əlinə, məndə də öz həmdərdini görür. “Həmdərd” sözü əslində yerinə düşmür. Bu söz “eyni dərdli” mənasındadır. Həmhal, həmxasiyyət, həmyerli və s. kimi. O əslində mənim simamda “keşiş” tapmışdı. Dərdini deməyə adam axtarırmış. Hətta məqsədinə çatdığı üçün gözləri yol çəkəndə simasında sevinc də hiss olunurdu. Rahatlamışdı sanki.
Danışdıqca da, uzun müddət su üzünə həsrət qalmaqdan yarpaqları saralan, dibinə yenicə su tökülmüş gül kimi açırdı, canlanırdı, dirilirdi.
Ancaq gec idi. Mən evə getməliydim. Evdəkilər mən getməyincə yatmayıb məni gözləyəcəkdilər. Belə vərdiş ediblər. Nə həyat yoldaşım, nə də nəvələrim mənsiz çörək yeməz, yatağa uzanmazdılar.
Onun özünə gəlməsini gözləyirdim ki, fürsət olan kimi ayağa qalxım, xudahafizləşim onunla. O isə “o dünyadan” qayıdan kimi danışmağa başladı. Fasilə vermədən, mənə qalxmaq üçün şans tanımadan danışırdı.
Mən ayağa qalxdım. O isə danışırdı: məhkəmələrdəki vəziyyətdən, vəkillərin dəllallığından, ölkədəki siyasi bataqlıq və özbaşınalıqdan, ictimai əxlaqın pozulmasından, Şərqin özünü itirməsindən, Qərbin Şərqə xəyanət və tələlərindən və s. Bir sözlə, hər şeydən danışırdı. Sanki məqsədi sadəcə danışmaqdır. Nə olur olsun, təki danışsın. Başa düşürdüm ki, danışmaq, onun özünün özünə diri olduğunu sübut etmə vasitəsidir. O, yaşadığına özünü də inandırmaq üçün danışırdı. Reallıqda isə, mənə elə gəlirdi ki, o çoxdan ölüb, səs çıxardan isə ruhsuz bir bədəndir.
ardı var