İstər beynəlxalq humanitar toplantıları, tolerantlıq konfranslarını hər il yox, hər ay keçirin, istər Avroviziya yarışmalarına hər il ev sahibliyi edin, istər təkcə Avropa Yay Olimpiadası yox, bütün Avropa oyunları Azərbaycanda keçirilsin, xeyri yoxdur. Əgər siz siyasi rəqiblərinizin övladlarını, qardaşlarını, qohumlarını girov götürürsünüzsə, deməli, ölkəni feodal təfəkkürü ilə idarə edirsiniz.
Rejim AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlini faktiki girov götürüb. Sənanı şərləyərək həbs ediblər.
Rafiq bəy öz sivil, dinc mübarizəsində səmimi və iddiasız bir insandır. İstəsəydi, yalnız özünü və ailəsini düşünsəydi, indi də məsul vəzifələrdə işləməkdə davam edərdi, oğlu Sənan da siyasi girov yox, oliqarx oğlu həyatını yaşayardı. Rafiq bəy əvvəllər çox gənc yaşlarında bir çox tikinti idarələrinin rəisi, baş mühəndisi olub. Azərbaycanın 1-ci Dövlət Katibi rəhmətlik Tofiq İsmayılov SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru işləyən zaman da onun yanında idarə rəisi işləyib. 1996-cı ildə artıq bərkiməkdə olan avtoritar sistemin “ya iş, ya AXCP” şərti qarşısında partiyadakı siyasi fəaliyyətini seçmiş, o vaxtdan da minlərlə başqa cəbhəçi kimi zorən işsizə çevrilmişdir. Bunları ona görə xatırlatdım ki, biləsiniz, Rafiq bəy demokratiya və azadlıq mübarizəsinə bir hobbi kim baxmayıb, böyük imtinalardan, zəngin şəxsi həyat imkanından vaz keçərək, imtina edərək bu yolu seçib.
Rafiq bəy oğlu Sənan həbs olunana qədər də az məhrumiyyət yaşamayıb. 19 illik məcburi işsizlik kifayət etməyib, üstəlik siyasi məhbus həyatı da yaşayıb. 2003-cü ildə məşhur 315-ci maddə ilə (polisə müqavimət göstərmə) şərlənərək həbs olunub. İndi də onu övladı ilə sınağa çəkirlər.
Sənan yaxşı təhsil almış, inanclı, həm də siyasətdən uzaq gənc ailə başçısıdır. Onu yalnız atasına təzyiq etmək, mübarizəsindən, yolundan çəkindirmək üçün həbs ediblər. Hazırda Sənan bəyin səhhətində ciddi problemlər yaranıb, üzərində təcili bir neçə tibbi əməliyyat keçirilməlidir. Rejim isə bu atanın fəryadına kar-kor olub. Sənanı nəinki azad etmirlər, heç həbsxanadakı xəstəxanaya da keçirmirlər.
Əziz gənc dost, bu acı məlumatları səninlə ona görə paylaşmıram ki, sən bu yolun çətinliyindən qorxuya düşəsən. Xeyr, ona görə yazdım ki, biləsən, böyük M.Ə.Rəsulzadənin sözləri ilə uyğunlaşdırıb desək, səndən əvvəlki nəsil min bir məhrumiyyətlər bahasına olsa da avtoritarizmlə, sülalə hakimiyyəti ilə mübarizə meydanını boş qoymadı… Əminəm ki, bundan sonra bu meydan ta qələbəyədək heç vaxt boş qalmayacaq. Bütün çətinliklərə rəğmən azadlıq və ədalət mübarizəsinə yeni-yeni insanlar qoşulacaq. Bu feodal idarə üsuluna son qoyulacaq.
Rafiq bəy siyasi məhbus həyatı yaşayan zaman atası dözməmişdi. Rafiq bəy həbsdəykən atası dünyasını dəyişmişdi. Rafiq bəy dostlarına söz verib ki, o, daha möhkəm olacaq. Çətinlik nə qədər böyük olsa da dözəcək, güclü olacaq. Güclü olacaq ki, övladlarının, nəvələrinin demokratik Azərbaycandan necə zövq alacaqlarını görsün. Onlara ölkəmizin hansı qaranlıqlardan keçərək, hansı qurbanlar bahasına aydınlıqlara qovuşduğundan bəhs etsin.
Allah sənə güc versin, Rafiq bəy! Allah özü oğlunu tezliklə ailəsinə qovuşdursun!