Bəyim Həsənli
Ölkədəki siyasi məhbusları çoxumuz tanıyırıq. Onlar siyasi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs ediliblər və bütün dünya onları "vicdan məhbusu" kimi tanıyır. Onların bir hissəsnin ləyaqətli simasını "Azadlıq" qəzetinin səhifələrində də görmək olar.
Amma sən demə bu ölkədə tanımadığımız "vicdan məhbusları" da var imiş. Onlardan biri Vüqar Əliyevdir. Onu vicdan məhbusu adlandırmaq çox asandır. Çünki, o Şəmkir rayonunun keşmiş İcra Başçısının sifarişini yerinə yetirmədiyi üçün, onun göstərişi əsasında insanları şərləmədiyinə görə 12 ildir həbs həyatı yaşayır və ömürlük həbs cəzası alıb. O, həbsxanada yazdığı romanda qeyd edir ki, "mən bu vicdansızlığı edə bilmərəm"!
Günlərdir mediada yer alan Lamiyə Quliyevanın öldürdüyü Ruslan Aslanovun atası Aslan Aslanovdan gedir söhbət. Oğlunun bütün iyrənc əməllərini ört basdır etmək üçün günahsız insanları həbs etdirən icra hakimi. Oğlu Ruslan 12 yaşlı Lamiyəni məktəbdə zorlayıb, 15 yaşında yenidən zorlayıb və bu uşaq hamilə qalıb. Yetim uşağa edilən bu zülmü hamı bilir, hamı görmüşdü. Hamı susmuşdu. Lamiyə ilk sevgisi olan Vüqarı, Ruslanın iyrənc əməllərinə görə itirdi. Bütün bunlara dözməyib onu bıçaqladı və öldürdü..
Aslanov oğlunun ölümünün əsl səbəbini gizlətmək üçün Lamiyəyə və Vüqara divan tutdu. Hər ikisinin ailə üzvlərini həbs etdirdi, nəvəsini bətnində daşıyan Lamiyəni zorla abort elətdirdi və s. Hələ bütün bu elədiklərindən sonra nəinki işindən azad edilməyib, hətta vəzifəsi artılırıb bu adamın.
Hekayəni az çox bilirsiz artıq.
Bu hekayədə mənə ən çox təsir edən Vüqarın yaşadıqları oldu..
Vüqar Ruslanın ölümündə iştirak etməsə də həbs olundu. Atasının mülkü dağıdıldı, Aslanovun istədiyi adamların üzünə durmadığı üçün atası, anası, xalaları həbs olundu. 12 ildir ağır şəraitdə həbsxanada saxlanılan bu günahsız gənc ona verilən işgəncələri, hüquqlarının necə tapdalandığını, ailəsinə, qohumlarına edilən zülmləri, həbsxanada ərizələrinin lazımi yerləri çatması üçün necə aclıq aksiyası keçirdiyini, hər ay damarlarını necə kəsdiyini, Aslanovun həbsxanada onu necə öldürtmək istədiyini roman kimi yazıb. Xalqa müraciət edib. 'Əziz oxucum!' deyib. Həyatı məhv edilən bu gənc xalqa müraciət edib və xalqı qorxaqlığından xilas olmağa çağırıb. Görəsən nə vaxtsa susqunluğumuzu bağışlayacaqmı?
Azərbaycanda hakimiyyət dəyişməsə Vüqar ömrünün sonuna kimi həbsdə qalacaq. Siz siyasətə qarışmayın. Vüqar da qarışmırdı. Amma o indi həbsxanadadır, ömürlük həbs cəzasının bitməyini, ölməyini gözləyir.
Ədalətsiz cəmiyyətdə siyasət qarışmamaq, siyasi iyrəncliklərdən sığortalamır.