Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində "Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və İnsan haqları maraqları" mövzusunda dinləmə keçiriləcək. Amerikanın Səsinin komitədən əldə etdiyi məlumata görə, dinləmədə Woodrow Wilson Beynəlxalq Araşdırmalar Mərkəzindən tədqiqatçı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel konqresmenlər qarşısında ifadə verəcəklər. Dinləməyə Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysun sədrlik edəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri kimi səlahiyyət müddətini ötən ilin yayında başa vuran Riçard Morninqstarın əvəzinə yeni səfir kimi Robert Francis Cekuta təsdiq edilib. Cənab Cekutanın fevralın 9-da Dövlət Departamentində səfir kimi and içəcəyi gözlənilir. ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqladığı məlumata görə isə, yeni səfir fevralın 12-də Bakıda olacaq.