Fuad Qəhrəmanlı: «Müxalifətin Avrointeqrasiyada prinsipial mövqe tutduğunun vurğulanması ona mesajıdır ki, AB Azərbaycanla bağlı siyasətini müxalifətlə də müzakirə etməyə hazırdır»
Azərbaycan hakimiyyəti yürütdüyü siyasətə görə sərt tənqidlərlə üzləşməkdədir. Hakimiyyətin yürütdüyü siyasətə dəyişiklik etmək niyyətində olmaması təzyiqlərin davamlı olacağını deməyə əsas verir. Avropa Parlamentinin sifarişilə Azərbaycandakı siyasi vəziyyətdən bəhs edən geniş bir arayışın hazırlanması da bu qəbildəndir. Avropa Parlamentinin saytında yerləşdirilmiş sənəd Azərbaycanla bağlı siyasətin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycanın xüsusən son illərdə demokratik dəyərlərdən xeyli uzaqlaşaraq avtoritarizmə yuvarlanmasından bəhs olunur.
Maraqlıdır ki, sənədin bir neçə hissəsində hakimiyyətdən fərqli olaraq demokratik qüvvələrin Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı olması, Assosiasiya Sazişinin imzalanmasına tərəfdar çıxdığı vurğulanır: “Ilham Əliyev Azərbaycandakı siyasi partiyalara manevr imkanı verməməklə ölkənin siyasi sistemində özünə ”hər şeyə qadir” rol oynayır. Hökumətin Avropa Birliyilə tərəfdaşlığı strateji enerjiyə əsaslanır. Bu ölkədə kiçik və dağınıq halda olan müxalifət, eləcə də vəkillər ölkədə demokratiya, insan haqları və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalanmasını ən uyğun yol hesab edirlər”.
Sənəddə vurğulanır ki, Azərbaycan məhz Rusiyanın təhriki ilə Assosiasiya Sazişinin imzalanmasını yubadır: “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişinin imzalanmasına dair danışıqlar 2010-cu ildə başladı. Lakin Azərbaycan bəlkə də yaxın qonşularının təhriki ilə bu cür razılaşmaları imzalamaqdan geri çəkildi. Azərbaycan hökuməti Assosiasiya Sazişi imzalamaq əvəzinə Strateji Tərəfdaşlığın Modernləşdirilməsi istiqamətində fəaliyyət təklif etdi. Buna baxmayaraq, Assosiasiya Sazişilə bağlı məsələ hələ də qüvvədədir”.
Sənəddə hakimiyyətin idarəçiliyinin mahiyyətinə də aydınlıq gətirilir. Vurğulanır ki, Ilham Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ilə hökumət, parlament və yerli özünüidarə orqanlarına nəzarət etməklə, bütövlükdə ölkənin siyasi səhnəsində hegemonluq edir. Prezident orduya, ölkə iqtisadiyyatına komandanlıq edir, əsas sahələr, xüsusən, strateji enerji sektoru onun nəzarətindədir.
Azərbaycanda keçirilən seçkilər də diqqətdən kənar qalmayıb. Sənədə qeyd olunur ki, rəsmi rəqəmlərə görə, heç bir müxalifət partiyası 1,8 faizdən çox səs toplaya bilmədi: “Ona görə də parlamentdəki qalan yerlər də bir qayda olaraq, hakimiyyətə yaxın olan ”müstəqillər”ə verildi. O zaman ATƏT bəyan etmişdi ki, bu seçki demokratik standartlara uyğun deyil və baş verənlər ölkənin demokratik inkişafına xidmət etmir”.
Sənəddə o da vurğulanır ki, Avropa Birliyinə üzvlük Azərbaycandakı siyasi partiyaların gündəmində yoxdur. Sənədin sonluğunda da bir daha vurğulanır ki, AB ilə əməkdaşlığın dərinləşməsi müxalifətin gündəmindədir. “Ilham Əliyevi dəstəkləyən partiyalar onun Avropa Birliyi ilə bağlı siyasətini də bölüşür. Azərbaycan hakimiyyətinin əsas prioritetlərindən biri Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlıqdır. Müxalifət isə Azərbaycanın Assosiasiya Sazişi imzalaması, ölkənin Avropaya inteqrasiyasına alternativ görmür”, deyə sənəddə bildirilir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, belə bir sənədin Avropa Parlamentinin adından təqdim olunması çox mühüm bir məqamdan xəbər verir. Bu onunla bağlıdır ki, Qərb Azərbaycanla münasibətlərdə tərəf kimi məhz hakimiyyəti görürdü. Və münasibətlərin də xarakteri iqtidar ilə ikitərəfli qaydada müəyyən olunurdu: “Amma Avropa Parlamentinin sənədində də qeyd olunduğu kimi Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasında maraqlı deyil. Azərbaycanın xarici siyasətdə etibarlı partnyor kimi görünməməsi, Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması ölkəmizlə münasibətlərə təsir göstərir”.
Məhz Azərbaycan hakimiyyətinin atdığı addımların AB-nin ölkəmizə münasibətdə yeni yanaşmaya vadar etdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, AB artıq tərəf kimi təkcə hakimiyyəti deyil, müxalifəti də qəbul edir. Artıq müxalifətin də mövqeyi AB-da maraq kəsb edir: “Müxalifətin Avrointeqrasiyada prinsipial mövqe tutduğunun qeyd olunması artıq onun mesajıdır ki, Avropa Birliyi Azərbaycanla münasibətlərdə gələcək addımları müxalifətlə də müzakirə etməyə hazırdır. Bu, Azərbaycanla münasibətlərdə müxalifətə də bir tərəf, güc kimi yanaşıldığına işarədir. Bu eyni zamanda onu göstərir ki, müxalifətin indiyə qədər apardığı sabit Avrointeqrasiya kursu artıq Qərb institutlarının diqqətini cəlb edir. Bu mövqeyi Qərb, Avropa Birliyi də dəstəkləyir. Bu o deməkdir ki, Azərbaycanın Avrointeqrasiya istiqamətində atacağı addımlarda etibarlı, sabit tərəfdaş qismində Azərbaycan müxalifəti çıxış edə bilər. Sənəddə İlham Əliyev hakimiyyətinin Avropaya inteqrasiyada maraqlı olmadığı bildirildikdən sonra müxalifətin Assosiasiya Sazişini imzalanmsını istədiyinin qabardılması o deməkdir ki, artıq Qərb ölkəmizin Avropa ilə əməkdaşlıq imkanlarını bu iqtidarda deyil, müxalifətlə əməkdaşlıqda görür. Azərbaycan müxalifəti deyildikdə isə indiki halda bu, konkret olaraq Milli Şura formatında qəbul olunur. Çünki, Milli Şuraya ölkənin aparıcı siyasi qüvvələri, tanınmış ziyalıları, ictimai xadimləri daxildir. Ona görə də burada söhbət konkret olaraq Milli Şuradan gedir. Deməli, Milli Şuranın fəaliyyəti Qərbdə kifayət qədər ciddi qəbul olunur”.
Qarşıdan parlament seçkilərinin gəldiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, seçkilər ərəfəsində belə bir sənədin ortaya çıxması ona işarədir ki, Qərb Azərbaycanın Avrointeqrasiya kursunun inkişafı istiqamətindəki əsas təşəbbüsləri müxalifətin güc mərkəzi kimi qəbul olunan Milli Şura ilə qura bilər. “Bu isə onu deməyə əsas verir ki, Azərbaycandakı demokratik proseslərə dəstək göstərilə bilər. Bu sənəd eyni zamanda onu da göstərir ki, Azərbaycan hakimiyyəti öz iradəsi ilə ölkəni Avropa Birliyinə inteqrasiya kursundan yayındıra bilməyəcək. Bu zaman Qərb ölkədəki alternativləri görməyə üstünlük verəcək. Müxalifətlə əməkdaşlıq imkanlarının yaranması, bunun bir zərurətə çevrilməsi gələcəkdə demokratik proseslərin inkişafına böyük töhvə verə bilər”.
Xəyal