Novruz Məmmədov Vaşinqtonu separatçı rejimə dəstək verməkdə suçladı, Iranla isə bütün səviyyələrdə tərəfdaşlığı genişləndirməyə hazır olduqlarını bildirdi
“ABŞ tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərilir. Azərbaycan beynəlxalq münasibətləri bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda qurur, bu baxımdan Qərb ölkələri və ABŞ istisna təşkil etmir”. Trend-in məlumatına görə, bunu Lenta.ru-ya müsahibəsində Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov qeyd edib ki, Azərbaycan ayrı-ayrı ölkələrin mövqeyini və aydın ifadə edilən ikili standartlar siyasətini həmişə başa düşmür: “Azərbaycan çox vaxt bəzi Qərb siyasətçilərinin əsassız tənqidinin obyektinə çevrilir. Onlar Azərbaycanın müstəqil mövqeyi ilə heç cür barışa bilmirlər. Bu ölkələrdə erməni diasporunun maraqlarına xidmət edən digər tənqidçilər isə Azərbaycanı qaralamağa və silahlı təcavüzə, Azərbaycan torpaqlarının 20 faizinin işğalı faktına haqq qazandırmağa çalışırlar. Bununla yanaşı, milyondan çox qaçqın və məcburi köçkünün tapdalanmış hüququ diqqətdən kənarda qalır. Separatçı Dağlıq Qarabağ rejiminə ABŞ tərəfindən birbaşa maliyyə yardımı göstərilir, halbuki qitənin digər regionlarındakı analoci vəziyyətlərdə ABŞ sankiya siyasəti həyata keçirir və maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir”.
Qərbi ittiham edən N.Məmmədov müsahibəsində Iranla bağlı müsbət fikirlər səsləndirib. “Iran və Azərbaycan qonşudurlar və bu iki ölkə arasında üçüncü tərəf ola bilməz”, – deyə o, bildirib.
N.Məmmədovun sözlərinə görə, Azərbaycan digər ölkələrlə qarşılıqlı münasibətlərdə öhdəliklərinə məsuliyyətlə yanaşır və Iranla əlaqələr istisna təşkil etmir: “Biz Iranla bütün səviyyələrdə tərəfdaşlığı genişləndirməyə hazırıq. 2014-cü ildə Azərbaycan və Iran prezidentlərinin qarşılıqlı səfərləri baş tutub. Münasibətlərin bütün spektri müzakirə olunub, nəqliyyat, ticarət, mədəniyyət sahələrini əhatə edən əməkdaşlığın yeni istiqamətləri nəzərdə tutulub”.