AXCP sədrinin virtual debatdakı arqumentləri İlham Əliyevi özündən çıxarıb
AXCP sədri Əli Kərimlinin son müsahibəsi dövlət başçısı İlham Əliyevi hövsələdən çıxarıb. Hökumət daxilindəki mənbənin verdiyi məlumata görə, yaxın günlərdə hüquq-mühafizə orqanları Əli Kərimliyə qarşı ciddi təxribat həyata keçirməyi planlaşdırır. Planın nədən ibarət olduğu dəqiq bilinməsə də, bu dəfə təxribat haqda göstərişin ən yüksək səviyyədə – İlham Əliyev tərəfindən verildiyi bildirilir.
Əli Kərimliyə qarşı təxribat planları zaman-zaman olub. Amma hökumət hər dəfə bu planları sona çatdırmayıb. Bunun da müəyyən səbəbləri var. Hökumət bir tərəfdən baş verənlərin AXCP sədrinin reytinqini daha da artıracağından, digər tərəfdən isə beynəlxalq təzyiqlərin bir qədər də sərtləşəcəyindən, sanksiyaların tətbiqindən ehtiyatlanıb. Lakin belə görünür ki, Əli Kərimlinin son müsahibəsində İlham Əliyevin çıxışını arqumentlərlə darmadağın etməsi, eləcə də müsahibənin yaratdığı rezonans (təkcə “Azadlıq” qəzetinin saytında 50 min dəfədən çox oxunub) dövlət başçısını hiddətləndirib və belə bir göstəriş verib.
Yəqin ki, yaxın günlərdə vəziyyət aydınlaşacaq və təxribatın nədən ibarət olduğu da üzə çıxacaq.
İnformasiya şöbəsi