Seymur Həziyə ithaf olunur…
Nədənsə mənə elə gəlir ki, biz ömrə bərabər bir gün yaşayırıq. Bu günün uzunluğunu yalnız bitəndən sonra biləcəyik. Sabah isə mütləq olacaq, istəsək də istəməsək də…
Mən bu gün üçün ad da fikirləşmişəm. Bu günün adı heç də sizin düşündüyünüz kimi, Xilas, Milli barış, yaxud da Qələbə günü deyil. Bu günün adı Xəcalət günüdür.
Minlərlə, bəlkə də onminlərlə adam o gün evindən bayıra çıxmayacaq. Saxta yolla seçilən deputatdan tutmuş, nəqliyyat qoçularınadək hər kəs olub-keçənləri anlamağa çalışacaq. Bu günə qədər əldə etdikləri, can atdıqları var-dövlət, rahat kreslo, bir sözlə, bütün təmtəraq onlara ağır yük kimi gələcək. Və altında əzildikləri bu yükdən bir an öncə xilas olmağa çalışacaqlar.
Həmişəkindən fərqli olaraq, həmin gün yollarda tıxac-filan da olmayacaq, çünki heç kəs heç yana tələsməyəcək, hamı gözləyəcək.
Bu günə qədər demokratiyanı linç edənlərin yeganə təsəllisi demokratiya olacaq. Hər kəs ona sığınacaq. Hətta bu gün ədalətsiz hökm verənlər də…
Bir neçə gün əvvəl həmkarım, dostum, dəyərli ziyalı Seymur Həzi Abşeron Rayon Məhkəməsinin hökmü ilə beş il azadlıqdan məhrum edildi.
Fikir verdinizsə, Seymur bəy məhkəmədəki çıxışlarında “zərərçəkən”ə, onun həbsinə səbəb olan “insident”ə demək olar ki, toxunmadı. Hətta “zərərçəkən”i bağışladığını da bəyan etdi.
Seymuru yaxından tanıdığım üçün cəsarətlə bəyan edirəm ki, rejim bu şərləmə müqabilində “zərərçəkənə” verdiyi şirin vədə əməl etməsə, o, bu ədalətsizliyə görə də üzüləcək.
Bəlkə də Seymurun ona qarşı heç bir iradının olmaması “işverənliyə” yenicə məcbur edilmiş bu gəncin həyatında dəyişikliyə səbəb olacaq, o, bundan sonra bir daha belə çirkin oyunlarda iştirakdan yayınmağa çalışacaq. Kim bilir…
Ölkədə şərlənənlər tək siyasilər olsaydı, nə vardı ki…
Bu yaxınlarda bir təsadüf nəticəsində on ildir ki, qonşuluğumda yaşayan şəxsin “işverən” olduğunu bildim. Təsəvvür edirsinizmi, bu adam 14 il ərzində orta statistik azərbaycanlının arzuladığı hər şeyi əldə edib. Iki evi, bahalı maşını var, övladlarına toy edib, nəvəsini bağçaya aparıb-gətirir, hətta keçən il Rusiya kurortlarının birinə dincəlməyə də gedib. Nəzərə alın ki, bu cür proseslərdə ən az qazanan “işverən” olur və nəticəni özünüz çıxarın…
Siyasi işlərdə olduğu kimi, adi vətəndaşlara qarşı da şərləmə üsulları çox primitiv və oxşardır. Amma siyasilərdən fərqli olaraq, sadə vətəndaşlar bir çox hallarda xərc-borc hesabına da olsa, həbs təhlükəsindən qaça, ya da cəza müddətinin minimuma endirilməsinə nail ola bilirlər. Başağrısı olsa da, bir qısa əhvalat danışacam…
Iki il əvvəl təsadüfən maşınına mindiyim bir taksi sürücüsünün tez-tez yola və mənə baxması diqqətimi cəlb etdi. Ilk ağlıma gələn o oldu ki, adam yəqin bizim qəzeti oxuyur və ənənə üzrə siyasi məsələlərə münasibətini bildirməyə, yaxud nəsə soruşmağa hazırlaşır. Amma heç biri baş vermirdi. Nəhayət mən ondan diqqətli olmasını xahiş etdim. Mənim kim olduğumu soruşdu. Ona jurnalist vəsiqəmi göstərdim. Adam arxayınlaşdı və… niyə mənə tez-tez baxdığının səbəbini söylədi. Səbəb isə sadə idi…
Gecə vaxtı polis maşını saxlayıb və hal şahidlərinin iştirakı ilə maşında narkotik maddə aşkar edilib. Həyatında narkotiklə heç bir əlaqəsi olmayan bu binəvanı həbs ediblər və iki həftədən sonra 6000 manatını alıb buraxıblar.
Kişi əmindir ki, narkotiki onun maşınına polis saxlamamışdan əvvəl minən iki nəfər qoyub. Çünki sonradan onlardan birindən həm də üzəduran kimi istifadə ediblər.
Taksi sürücüsü xatırlayır ki, həmin vaxt torpaq sahəsini satıb, oğluna toy etmək istəyirmiş və bunu tanışlardan gizlətmirmiş…
Sabah mütləq olacaq. Gün uzandıqca, zülm ərşə qalxdıqca, o yaxınlaşır…
Hətta diqqət etsək, şəfəqləri belə görə bilərik…