Rasim Musabəyovun fikrincə, Rusiya Qarabağ müharibəsini başladaraq Azərbaycanı enerji bazarından sıxışdırmaq istəyir
Vəfa Quluzadə: «Azərbaycan Rusiya ilə normal münasibətlərin saxlanmasında maraqlı olduğunu daim qabartmaqla Qərblə əlaqələrinə xələl gətirir»
Azərbaycan son zamanlar Rusiyaya ciddi reveranslar etsə də Kremldən gələn təhlükə hələ də sovuşmayıb. Belə ki, iqtidar düşərgəsinə yaxın ekspertlər hazırda Azərbaycana real təhlükə kimi məhz rusiyanı göstərirlər.
Milli Məclisin deputatı Vahid Əhmədov müsahibəsində qeyd edib ki, Azərbaycana çoxsaylı təzyiqlər var və biz nəhəng dövlət olmadığımızdan qlobal miqyaslı güclərlə hesablaşmaq zorundayıq.ÿTəzyiqin ünvanı kimi isə V.Əhmədov Rusiyanı göstərib. Politoloq Rasim Musabəyov da müsahibəsində vurğulayıb ki, Qarabağda yeni müharibə Rusiya üçün sərfəlidir. Onun fikrincə, Rusiya müharibəni yenidən qızışdırmaqla Azərbaycanı enerji bazarından sıxışdırmağa çalışır. Çünki müharibə neft yataqlarına, neft kəmərlərinə təhlükə törətmiş olacaq. Bu zaman isə Rusiyanın karbohidrogen resurslarına ehtiyac artmış olacaq.
Amma bütün bu təzyiqlərin müqabilində Azərbaycan AŞ PA-nın son sessiyasında Rusiyanın işğalçılıq faktını dəstəkləyib. Eyni zamanda Azərbaycan Rusiyanın üzləşdiyi sanksiyalar durumunda Kremlə dəstəyini əsirgəmir. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları göndərməsi ölkəmizdə bu məhsulların qiymətinin kəskin artmasına səbəb olub.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Azərbaycan Rusiya ilə münasibətlərində dost mövqeyindən çıxış etməsini qabardır. Yəni Azərbaycan Rusiyanın Ermənistana dəstək verməsinə baxmayaraq onunla normal münasibətlərin qurulmasında maraqlıdır: “Azərbaycanın Rusiya ilə münasibətlərin normal olmasında maraqlı olduğunu bəyan etməsi dövlətin rəsmi mövqeyidir. Lakin eyni zamanda Azərbaycan daimə bu mövqeydə qalmaqla Qərblə münasibətlərinə xələl gətirir. Qərb də deyir ki, çox gözəl Rusiya ilə əlaqələriniz yaxşıdırsa bundan sonra da buna çalışın. Amma gərək biz Qərbdən də dəstək alaq və Qərbin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan təhlükə içindədir. Biz Rusiyaya nə qədər xidmət etsək də, Rusiya bizi vurmaqla bağlı qərar qəbul edən zaman bunu edəcək. Bu zaman bizim etdiklərimiz puç olacaq. Sovet dövründə Rusiyaya Azərbaycandan yaxşı xidmət edən olmayıb. Ikinci Dünya müharibəsində Azərbaycan böyük qəhrəmanlıqlar edib. Amma zamanı çatanda Rusiya Ermənistana dəstək verdi və bu yaxşılıqları unutdu”.
Xəyal