Bu il ötən illə müqayisədə təxminən 40-50 faiz az məhsul yığılacağı gözlənilir
Dövlət Statistika Komitəsi məlumat yayıb ki, sahələrdə payız-tarla işləri başa çatdırılıb, payızlıq əkinlər üçün şumlanmış 1017 min hektar sahənin 87,7 faizi əkin üçün istifadə edilib. 2015-ci ilin məhsulu üçün 892,3 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bunun 98,1 faizi dən üçün nəzərdə tutulub. Dənlik taxılın 61,3 faizi və ya 537,2 min hektarı buğda, 38,6 faizi və ya 338,4 min hektarı arpa əkini sahələridir. Beləliklə, rəsmi statistikaya görə, bu il taxıl sarıdan ölkə korluq çəkməyəcək və bolluq olacaq.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov isə nikbinliyə əsas görmür. Deyir ki, dövlət məmurları və rəsmi media hər il başlayanda məhsulun bol olacağına dair proqnoz verir. Amma ilin sonunda ölkəyə xaricdən idxalın artdığını görürük: “Bu il də taxıl səpini vaxtında aparılmadı. Keçənilki göstəriciyə nisbətən, təxminən 100 min hektar az sahədə səpin aparıldı. Bundan başqa, suvarma işləri qaydasında, vaxtlı-vaxtında aparılmadı. Fermerlər su çatışmazlığından, bu problemin həll olunmadığından şikayətlənir. Reallıqda vəziyyət çətindir, taxılçılıqda kollanma mərhələsi normal başa çatmayıb. Zərərvericilərə qarşı tədbirlər vaxtında həyata keçirilməyib. Nəticədə taxıl sahələrində seyrəklik var”.
Bütün bunların hamısı onu deməyə əsas verir ki, bu il taxıl istehsalı keçən ilkindən təxminən 40-50 faiz az ola bilər. Bu isə ötənilki məhsulun yarısı qədər deməkdir. Ekspert hökumətyönlü mətbuatın arzuolunanı yazdığını deyərək, reallıqda vəziyyətin kifayət qədər ağır olduğunu vurğulayır.
Nigar