Avropa Şurası Parlament Assambleyası yeni qətnaməsi ilə, Rusiya nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzatdı.
Bu barədə BBC xəbər verir.
Sanksiyalar Rusiyanın Ukraynaya qarşı siyasətinə görə tətbiq edilmişdi və daha bir neçə ay qüvvədə qalacaq.
AŞPA hətta Rusiya nümayəndə heyətinin səs hüququnu da qaytarmayıb.
Halbuki qətnamənin ilkin layihəsində səlahiyyətlər tam bərpa edilməsə də, xoşməramlı addım kimi səs hüququnun bərpası nəzərdə tutulmuşdu.
Beləliklə, Rusiyanın Ukraynada sülh planının həyata keçirilməsi ilə bağlı verdiyi vədlərə nə dərəcədə əməl etməsi və nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsinə bir də apreldə baxılacaq.
Rusiya Avropa Şurasını hədələyir ki, əgər onun nümayəndə heyətinin səlahiyyətləri bərpa edilməsə bu qurumdan çıxacaq.
AŞPA-da Rusiyaya qarşı sanksiyalar onun ötən il Krımı ilhaq etməsindən sonra qoyulmuşdu.
“Rusiya AŞPA-nı tərk edir” – bunu isə öz Tvitter səhifəsində Rusiya nümayəndə heyətinin üzvü Robert Shlegel yazıb.
Amma hələ ki bununla nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Səlahiyyətləri əlindən alınandan sonra Rusiya nümayəndə heyəti assambleyanın iclaslarına qatılmır.
Son günlər Ukraynada vəziyyət yenidən gərginləşib.
Rusiyameylli separatçılar Ukrayna əsgərlərinə və dinc yaşayış məntəqələrinə zərbələr endiriblər.