Elvin Əliyevin döyülməsi faktı ilə bağlı cinayət işi başlandı
“Azadlıq”ın dünənki sayında Xətai sakini Elvin Əliyevin daxili işlər naziri Ramil Usubova müraciətini dərc etmişdik.
Elvin Əliyev bildirirdi ki, 2014-cü ilin oktyabr ayında tanımadığı şəxslər tərəfindən döyülüb. Nəticədə ağır xəsarət alıb. Məsələ ilə bağlı polis müraciət edib. Xətai Rayon Polis Idarəsinin 36-cı polis bölməsində ondan izahat alınsa da, sonradan hansısa səbəbdən iş araşdırılmamış saxlanılıb.
DIN bu müraciətə reaksiya verib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq”a bildirib ki, faktla bağlı Xətai Rayon Polis Idarəsində cinayət işi başlanıb.
Elvin Əliyev də “Azadlıq”a bildirib ki, yanvarın 22-də səhər saatlarında Xətai Rayon Polis Idarəsindən onunla əlaqə saxlayıblar. “Faktla bağlı cinayət işi başlanıb və məsələ araşdırılır. Ümid edirəm ki, mənə xəsarət yetirənlər layiqli cəzalarını alacaqlar”, – deyə şikayətçi bildirib.