Müzəffər Baxışov: «Cinayətin işgəncə vasitəsilə onu törətməyən şəxsin boynuna qoyulması bundan da təhlükəlidir»
Azərbaycanda 2014-cü ildə polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklə bağlı 3046 cinayət faktı aşkarlanıb. APA-nın məlumatına görə, bu, Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin hesabatında əksini tapıb.
Bunların da 801-i narkotik vasitələrin qanunsuz satışı, 2029-u satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 203-ü narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 12-si isə sair cinayətlərlə bağlıdır. 3046 faktdan 800-ü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər tərəfindən törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 151 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.
Azərbaycanda baş verən cinayətlərin 30 faizinin açılmadığı da rəsmi şəkildə elan edilib.
30 faiz cinayətin açılmaması kifayət qədər ciddi problemdir. Belə çıxır ki, hər 10 cinayətkardan ən azı 3-ü azadlıqdadır.
Maraqlıdır, cinayətlərin təxminən üçdə birinin açılmamasının səbəbi nədir: qeyri-peşəkarlıq, yoxsa səhlənkarlıq?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanları cinayətlərin açılması üçün ilk növbədə döymə və digər işgəncə növlərindən istifadə edirlər. Hüquqşünasın sözlərinə görə, əvvəlki dövrlə müqayisədə indi cinayətin üstünü açmaq daha asandır. Mobil telefon danışıqlarının siyahısı, küçə və binalardakı təhlükəsizlik kameraları və s. amillər hüquq-mühafizə orqanlarının işini bir qədər asanlaşdırıb: “Lakin hüquq-mühafizə orqanlarında çalışan, xüsusən əməliyyat-axtarış fəaliyyətilə məşğul olan əməkdaşlar işini təkmilləşdirmədiyi üçün, əsasən cinayətlərin zorakı üsullarla açılacağına əmin olduqlarına görə bilik-səviyyələrini artırmırlar. Onlar cinayətlərin açılması üçün daha sivil metodlardan istifadə etmirlər. Cinayət baş verəndə və konkret şübhəli şəxs olanda ondan etirafedici ifadə almaq üçün işgəncəyə əl atırlar. Cinayətlərin 30 faizinin açılmaması daha az təhlükəlidir, nəinki cinayət törətməmiş şəxsdən etirafedici ifadə almaq.
Azərbaycanın bu sahədə ən ciddi problemi cinayətin onu törətməmiş şəxsin boynuna qoyulmasıdır. Məhkəmə proseslərində bir çox hallarda naməlum şəraitdə törədilən cinayətlərə görə cəlb olunan şəxslər həmin cinayətləri törətmədiklərini, zorla boyunlarına qoyulduğunu bildirirlər. Xüsusən də narkotik maddələrin qanunsuz dövriyyəsi, isitisna hallarda qətllə bağlı cinayətlərdə təqsirləndirilən şəxslər tərəfindən belə ifadələr məhkəmədə səsləndirilir”.
Müzəffər Baxışov hüquq-mühafizə orqanları əməkdaşlarının bilik və səviyyələrini artırmağı vacib sayır.
Nigar