Hakimiyyət neft təhlükəsini etiraf etmək istəmir
Neftin qiymətdən düşməsi iqtisadiyyatı neftdən asılı olan ölkələri böyük sınaq qarşısında qoyub. Bazarın ən böyük oyunçularından olan “Bank of America”nın proqnozlarına görə, bu ilin birinci rübünə dair fyuçers dəyəri Brent markalı neftdə 31 dollar/barelə qədər düşə bilər. Bu, hətta, qlobal böhran zamanı, yəni 2008-ci ildəki həddən də aşağıdır.
Qeyd edək ki, həmin vaxt neft 36 dollara qədər ucuzlaşmışdı.ÿArtıq neft şirkətləri böyük ixtisar planlarını hazırlayıblar. Shell, BP, Total kimi şirkətlər bir çox ölkələrdəki layihələrini təxirə salmalı olublar. ÿDünyanın tanınmış “Lukoyl” şirkətinin də proqnozları olduqca bədbindir. Şirkətin prezidenti Vahid Ələkbərov bildirib ki, neftin barelinin 25 dollara qədər düşməsi təhlükəsi var. “Qara qızıl”ın ucuzlaşması məşhur rus şirkətinin Səudiyyə Ərəbistanındakı layihələrini dayandırmasına səbəb olub.
Bəzi ekspertlər isə neftin qiymətinin 20 dollara düşə biləcəyinin anonsunu verib.
Iran dövlət büdcəsinə yenidən baxaraq, neftin bir barelinin qiymətini 40 dollar məbləğində müəyyən edəcək. Bu haqda Iranın maliyyə və iqtisadiyyat naziri Əli Tayebniyə bildirib: “Biz büdcəyə dəyişiklik edərək neftin bir barelinin qiymətini əvvəl müəyyən edilmiş 72 dollar yox, 40 dollar məbləğində nəzərə alacağıq. Neftin qiymətinin aşağı düşməsi bizi sarsıtmayacaq, biz onu üstünlüyə çevirmək niyyətindəyik” – deyə nazir bildirib.
Bütün bunları xatırlamağımıza səbəb Azərbaycan hakimiyyətinin mənasız arxayınçılığıdır. Dünyanın nəhəng ölkələri öz iqtisadiyyatlarını mövcud şərtlər daxilində formlaşdırdığı bir vaxtda, Azərbaycan hakimiyyəti “bizə heç bir təsiri olmayacaq” mesajını verir. Iran kimi nəhəng ölkə büdcəyə yenidən baxıb, 40 dollara hesablanmış proqram hazırlayırsa, Azərbaycan hakimiyyəti hansı əsaslarla xalqa təsəlli verir?
Azərbaycan büdcəsində neftin qiyməti 90 dollardan hesablanıb. Artıq neftin qiyməti 50 dollardan aşağı düşüb və bu 50 faizlik fərq deməkdir.
Ölkə başçısı Ilham Əliyev Azərbaycanın 60 dollara uyğun ssenarisinin olduğunu açıqlasa da, bu ssenarinin nədən ibarət olduğunu heç kim bilmir. Aydın görünür ki, hakimiyyət real addımlar atmaq əvəzinə, cəmiyyətə təsəlli verməklə məşğuldu. Amma real vəziyyət göstərir ki, neftin qiymətdən düşməsi sadə vətəndaşlara mənfi təsirini göstərməkdədir. Həm ixtisarlara start verilməsi, həm bəzi məhsulların qiymətinin qalxması bu prosesin başlanmasından xəbər verir. Artıq gömrük rüsumlarının artırılmasına da start verilib ki, bu da ticarətlə məşğul olan təbəqənin büdcəsinə təsir göstərir.
Nə qədər ziddiyyətli görünsə də, neft gəlirlərindən heç bir fayda görməyən vətəndaş, gəlirlərin azalmasından zərbə almaqdadır. Ekspertlər vəziyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.
Bir sözlə bütün dünyanın etiraf etdiyi təhlükəni, Azərbaycan hakimiyyəti xoşbəxtlik kimi sıramağa çalışır. Qəribə burasıdır ki, təhlükənin olduğunu bəyan edən ölkələrin dövlət büdcələri Azərbaycanla müqayisədə 10 dəfələrlə çoxdur.
Indiki məqamda yalançı vədlər vermək yox, vəziyyəti real qiymətləndirmək tələb olunur.
Akif