Nemət Əliyev: «Azərbaycandakı korrupsiya, rüşvətxorluq, inhisarçılıq aradan qaldırılmayacaqsa, manatın sabitliyini qoruyub saxlamaq çətin olacaq»
Dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində 1,5 milyard manatdan çox kəsir yaradacaq. Fondun təsdiq edilməsi üçün Prezidentə göndərdiyi layihədə gəliri 10,25 milyard manat, xərci isə 11,8 milyard manat proqnozlaşdırılır. Fondun idarə edilməsinə isə 33,32 milyon manat xərclənəcək.
Lakin əksər ekspertlər Fondun büdcəsinin kəsirinin daha böyük həddə olacağını düşünürlər. Onların fikrincə, suveren fondun gəlirləri proqnozlaşdırılandan aşağı olacaq. Belə olan halda xərclər olduğu kimi qalarsa, büdcə kəsiri 4-5 milyard manatdan az olmayacaq (“Bizim Yol”).
Iqtisadçının sözlərinə görə, itkilər tək neftin ucuzlaşması ilə bağlı deyil, beynəlxalq valyutaların məzənnə dəyişikliyindən də yarana bilər. Belə düşünülür ki, rus rublu dəyərdən düşdüyünə görə Dövlət Neft Fondu Rusiya bazarındakı fəaliyyətini dayandırmalıdır. Bu ucuzlaşmadan sonra Neft Fondunun 2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərəri böyük ehtimalla 1,5 milyard manatdan çox olacaq. Bu isə onu deməyə əsas verir ki, 2015-ci il daha ağır olacaq. Bu isə ehtiyatların azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzlaşması digər tərəfdən zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimuma endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5 faiz ucuzlaşıb. Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-ə, ilin sonuna isə dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25 faizə endirilməsi düzgün olardı. Rusiyadakı aktivlərdən imtina barədə düşünmək yaxşı olardı”.
Bu baxımdan Mərkəzi Bankın (MB) mövqeyi maraq doğurur. Belə ki, Mərkəzi Bank 2014-cü ilin sonunda bəyan edib ki, həmin ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə edib.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, rublun məzənnəsindəki böhran başlamamışdan əvvəl kəskin qalxıb-düşmələr yox idi. Məzənnədəki böhran cüzi fərqlərdən başladı: “Keçən il də Azərbaycanın Mərkəzi Bankı manatın məzənnəsinin otruşduğu yerdən tərpənməsini təmin edə bilmədi. Azərbaycanda normal iqtisadi qanunlar fəaliyyət göstərmir. Mərkəzi Bank valyutanın alınıb-satıldığı bazara kobud şəkildə müdaxilə edir. Bəlkə də Azərbaycan manatının qorunub saxlanmasını təmin edən əsas faktor elə həmin bu inzibatçılıq olub. Rusiyada baş verənlərin daha ağır nəticələrinin olacağı deyilir. Araşdırmalara görə, neftin uzun müddətli bazar qiymətlərinin dəyişdirilməsi göstərir ki, hazırda neftin qiymətinin 50 dollar olması yaxşı həddir. Neftin bazar qiymətləri 20 dollara qədər düşə bilər. Bu fikri ABŞ-da slans neftinin qiymətinin aşağı olması daha da möhkəmləndirir. Əgər neftin qiyməti bir qədər də düşsə ölkənin valyuta ehtiyatları azalmaqda davam edəcək. Və bu daha da böyük sürət ala bilər. Həm rublun məzənnədən düşməsinin, həm də neftin qiymətinin enməsinin fonunda Azərbaycandakı korrupsiya, rüşvətxorluq, inhisarçılıq aradan qaldırılmayacaqsa, o zaman Azərbaycan manatının 2015-ci il ərzində sabitliyini qoruyub saxlaycağı ehtimalı çox azalıb. Tendensiya bu cür davam edəcəksə manatın məzənnəsini qoruyub saxlamaq çox çətin olacaq”.
Xəyal