Qibleyi-aləm Ilham müəllimin Müstəqillik Günü ilə bağlı çıxışını dinləmisiniz? Mən dinləyə bilməmişdim, internetdən oxudum.Məqalənin təqdimatı olmasaydı, yəni, bilməsəydim ki, bu çıxışı bir ölkənin rəhbəri elə həmin ölkənin Müstəqillik Günü ilə bağlı edib, başımı kəssəydilər də, inanmazdım.
Böyük bir çıxışın vurğusu ancaq bir məqam üzərində qurulub: Pulumuz var, pulumuz lap çoxdur, pullaşa-pullaşa gedirik…Sanki bir biznesmen kollektivinə götürmək istədiyi işçisinə maddi üstünlüklərini sadalayır.Azərbaycanda pul varmı? Şübhə etmirəm, hətta onu da təsdiq edirəm ki, o pulların miqdarı çoxdur. Dərdimiz də ondadır ki, bu çox pul beş-on insanın cibində xalqdan uzaq fırlanır.
Müstəqillik günü Ilham Əliyevin təkcə puldan danışmasında qəribə bir şey yoxdur. Müstəqil Azərbaycanın bəhrəsini hələ ki, o və yaxın çevrəsi görür. Bugünkü müstəqillik olmasaydı, axı Dubayda 14 yaşlı övladına 45 milyon dollarlıq mülkü necə almaq olardı?
Ilham Əliyev ənənəsinə sadiq qalaraq, yenə də tarixi qısqanclığını ifrat formada büruzə verib. O, AXC haqqında cəmi-cümlətanı 5 cümlə işlədib. Təsəvvür edirsinizmi – 5 cümlə. O cümlənin biri də elə özünə aiddir. Deyib ki, Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldıb. Vəssalam. Daha bu AXC-ni quranlar kimdir, nəçidir, yaxşı iş görüblər, ya pis – bir kəlmə də bu barədə danışmayıb. Tarixə qarşı bu cür nihilist münasibət şübhəsiz ki, ona heç vaxt dividend gətirməyəcək.
Ilham Əliyev mərhum atası kimi, çox gözəl anlayır ki, onların bu gün milyonlar xərcləyib, özləri barədə apardıqları təbliğat AXC qurucularının yanında sabun köpüyündən başqa bir şey deyil. AXC-ni qurub yaradan insanlar daim kabus kimi bu sülaləni təqib edir.
Çünki onların indikilərlə müqayisə olunmayacaq qədər fərqləri olub. Məsələn, biri bu: AXC hakimiyyətinin baş nazirlərindən Nəsib bəy Yusifbəyli olub. O, bir dəfə baş nazir olduğu vaxtda hansısa işi üçün atasına məktub yazıb pul istəyir. Atası Yusif bəy Yusifbəylinin oğluna cavabı: “Tələbəliyində pul verdim, siyasətdə oldun yenə pul verdim, indi ki baş nazirsən, yenə pulun yoxdu?”
Ilham Əliyev “Müstəqillik” çıxışında sovet Azərbaycanı haqda elə riqqətlə danışıb ki, onu oxuyub qırmızı bayraqlı Azərbaycan üçün xiffətlənməmək mümkün deyil. Əlahəzrət birmənalı olaraq deyib: “.. o dövr Azərbaycan üçün uğurlu olmuşdur. Sovet dövründə Azərbaycan inkişaf etmişdir, Azərbaycanda sosial-iqtisadi məsələlər öz həllini tapmışdır, savadsızlığa son qoyulmuşdur – hesab edirəm ki, bu, tarixi nailiyyətdir – Azərbaycanda elmin inkişafına təkan verilmişdir”.Sovet dövrü haqqında əlahəzrət bir kəlmə də neqativ fikir söyləməyib. Sovet Azərbaycanı haqqında onun ürəkdolusu tənqidi çıxışlar etməsinə təbii baryeri olduğu başadüşüləndir. Atası o dövlətdə uzun illər rəhbər olub. Lakin ufaq səslə də olsa, 37-ci il repressiyalarını tənqid etmək olardı, deyilmi? Çünki bu tənqidi Sovet hökuməti elə özü-özüyçün etmişdi.
Ancaq elə ki, söhbət gəlib 1992-93-ə çatanda, qibleyi-aləmin tənqidi təfəkkürü ana Kür kimi coşub-daşır. Bu illərdə hakimiyyətdə olan insanların yenidən müstəqilliyin qazanılmasında rolu tam inkar olunur, onlar, az qala ermənilərlə bir səviyyədə xalqa divan tutub, zülm etməkdə suçlanılır.Baron Münhauzerin sərgüzəştlərində belə bir yer var. O, bataqlığa düşür və buradan heç cür çıxa bilmədiyini dərk edəndə ağlına analoqsuz fikir gəlir: parikindən tutub özünü yuxarı dartmaq və bataqlıqdan qurtulmaq. Belə də edir. Görünür, Baron Münhauzerin bu uydurmasına bizim hakimiyyət sidq-ürəkdən inanır. Inanmasaydı, adamın özünü öyməklə ucalmasının mümkünsüzlüyünü qəbul edərdilər.