Rəsmi Brüssel İlham Əliyevə «şah damarından da yaxın» olmaq fikrindədir
Sabina Freyzer şok hesab ediləcək açıqlama verib. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə nümayəndəsi deyib ki, yaxın vaxtlarda AB Minsk qrupunun formatını dəyişməyə çalışa bilər. Sabina Freyzer bildirib ki, yaxın zamanlarda Qarabağ danışıqlarının baza prinsipləri razılaşdırılmasa, Avropa Birliyi fransalı həmsədri geri çağıraraq bu qurumda öz nümayəndəsi ilə iştirak etmək istəyəcək. Belə bir zərurətin haradan yarandığı təbii ki, maraqlıdır. Görünür, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda son baş verənlər Avropa Ittifaqını bu regionda daha yaxından işləməyə vadar edib. Azərbaycanın ən başlıca problemi Qarabağ, həm də Ermənistanla bağlı olduğu üçün AB bu münaqişənin həllində iştirakı sürətləndirməklə, demək olar, vəziyyətin yeni şəkil almasında öz rolunu təmin edə biləcək. Amma bu qərarın niyə indiki siyasi şəraitdə verildiyi maraq doğuran suallardandır.
Giriş Qarabağdandır
Ilham Əliyevin “Qoşulmayan ölkələr bloku”na qoşulmasını şərh edən ekspertlərdən biri bildirmişdi ki, bu addım Avropa Ittifaqından gələcək mümkün təzyiqlərdən qaçmaq üçündür. AB-nin Minsk qrupunda təmsil olunmaq istəyi isə bu versiyanı təsdiqləyir. Belə görünür ki, indi Avropa Ittifaqı Azərbaycan hökumətinin ondan uzaqlaşmaq cəhdinə daha sərt reaksiya verir. Söhbət ondan gedir ki, son 17 ildə Azərbaycanın ən mütəmadi işlədiyi və siyasətini uzlaşdırdığı qurum ATƏT-in Minsk qrupu və bu qrupun həmsədrləridir. Beləliklə, Avropa Ittifaqı ondan uzaqlaşmaq istəyən Azərbaycan hökumətinə şah damarından da yaxın olmaq qərarı verib. Xatırladaq ki, Qarabağ münaqişəsinin həllində Avropa Parlamenti dəfələrlə konstruktiv mövqe sərgiləyib, Ermənistanı işğalı dayandırmağa çağırıb. Avropa Ittifaqı Minsk qrupunun həmsədrliyində təmsil olunacaqsa, bu, vasitəçilikdə yeni mərhələ demək olacaq. Söhbət ondan gedir ki, təmsilçilik balansı siyasi baxımdan dəyişəcək. Tək ölkə olan Fransanı təmsil etməklə Avropa Ittifaqını təmsil etmək tamam fərqli vəziyyət yaradacaq. Bundan sonra Ilham Əliyev nəinki Avrointeqrasiya məsələlərini ləngidə bilməyəcək, hətta Qərbi şantaj etdiyi Qarabağ siyasətini də rəsmi Brüsselin nəzarətindən kənarda planlaşdıra bilməyəcək. Əlbəttə, bu məsələ qlobal mənada Rusiyanın da maraqlarını ciddi təhdid edir, amma ilk zərbəsi təbii ki, rəsmi Bakıya dəyəcək.
Seymur Həzi