«İnsan mənzərələri» layihəsi
«Vosmoy bazarı»ndan reportaj
“Vosmoyun bazarı” bir zamanlar Bakının ən ucuz bazarlarından sayılırdı. Indi də bu bazar gurluğu ilə başqalarından geri qalmır. Burada bir neçə dəfə yanğın olsa da, bütün bunlar bazarın fəaliyyətinə təsir etməyib. “Vosmoy” bazarı yenə qaynayır. Alveri alver, rüşvəti rüşvət, fəhləsi də fəhlə yerində.
Bazarlar həmişə yoxsul insan mənzərələri ilə dolu olur. “Vosmoy” bazarının bir özəlliyi də ondadır ki, bu bazar kasıbların bazarı kimi tanınıb. Bazarda alıcılar da kasıblardır, satıcılar da. Çünki şəhərdə marketlərin sayı çoxaldığından bazara gələnlərin sayı azalıb. Imkanlı insanlar bazarlığı supermarketlərdən edirlər. 5-10 qəpik ucuz almaq istəyənlər isə üz tutur bazarlara.
Bazarın ən miskin insan mənzərələrindən biri də arabaçılardır.
“Vosmoy bazarı”nda arabaçıların əlindən tərpənmək mümkün deyil.
Araba üstündə yatanlar
Arabaçılar buranın daimi sakinləridir. Onların işi daimidir, yəni, bütün sutkanı işləyirlər. Bazarda işin pik vaxtı səhər saat 5-dir. Bəziləri daha çox pul qazanmaq üçün ümumiyyətlə, evə getmir. Gecə bazara gələn maşınlardan yük boşaldıb əlavə pul qazanırlar. Bəzən elə arabaların üstündə yuxuya gedirlər. Bazarın arxa tərəfində yerləşən parkdakı skamyalarda da dincələnlər var.
Uşaqlar, qocalar, evlilər…
Burada müxtəlif yaşda arabaçılar var. Onların arasında 15 yaşlı olanlar da var, 60 yaşda olanlar da. Evli olanlar da var, subay olanlar da. “Bu pulla ailə saxlamaq olmaz”- deyir subay arabaçılar.
Yaşlı arabaçılar üçün işləmək doğrudan da çətindir. Bəzən çox ağır yükü daşımalı olurlar.
Gördükləri işə görə arabaçıların qazancı çox azdır. Günə 15-20 manat əldə edirlər. Araba sahibinə gündəlik 1 manat 50 qəpik kirayə haqqı verirlər. Bazara isə 50 qəpik ödəyirlər.
“Bu pula dolanmaq olmur”
Lerikdən olan Zaur adlı arabaçı deyir ki, əvvəllər Binədəki ticarət mərkəzində işləyib: “Orada maşınlara mal yükləyib boşaldırdıq. Binə bazarı bağlanandan sonra bura gəldim. Gündəlik qazancım azdır. Hərdən məcbur qalıram bütün sutkanı işləyim. Yoxsa 10-15 manata dolanmaq olmur”.
Söhbətimizə qoşulan başqa bir gənc arabaçı deyir ki, iş olsa, bir gün də burada qalmaz: “Gedib adam kimi bir işdə işləyərəm. Bu işin bir adı var – hambalçılıq”.
Arabaçılıqla dolanan “BOMJ”lar da var. Onlar gecə küçədə yatırlar. Gündüz isə bazarda pul yığıb içkiyə verirlər. Bunu da bizə arabaçı Zaur danışır.
Yeniyetmə arabaçılar
Bazarda azyaşlılar da çoxdur. 15-16 yaşlı oğlanlar araba ilə ora-bura şütüyürlər. Onların indi məktəbdə parta arxasında oturan, şıx geyinən vaxtlarıdır. Ancaq bazarda bu balaca arabaçıların “cındırından cin hürkür”. Uşaqların əlləri qabar-qabardır. Yoxsulluq, işsizlik onları buralara gətirib çıxarıb. Heç şəkillərini çəkməyə də razı olmurlar. “Dost-tanış görər. Utanırıq”, – deyirlər.
Tovuz rayonundan olan Ruslan orta məktəbi 9-cu sinifdə buraxıb: “Atamla Bakıda kirayə qalırıq. Dörd-beş aydır burada işləyirəm. Yük daşıyırıq. Yükü bir manata aparırıq. Bəzən 2-3 manat verən olur. Eləsi olur lap az vermək istəyir. Çox ağır işdi”.
Elmin Həsənli