Hökumət belə bir məlumat yaymaqla, insanların yaşayışının yaxşı olduğu haqda görüntü yaratmağa çalışır
Ötən ilin yanvar-noyabrında əmanətlər üzrə əhalinin faiz gəlirləri 450 milyon manat olub. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, əhali bank sektoru ilə münasibətdə xalis kreditordur. Əhalinin əmanətlərinin həcmi kreditlərini 2,3 mlrd. manat üstələyir.
Ötən ilin 11 ayı ərzində əmanətlər üzrə əhalinin faiz gəlirləri 450 mln. manat olub. Mərkəzi Bankın məlumatına görə, hazırda ölkədə hər 1000 nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 745 manata, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb. 2014-cü ilin 11 ayı ərzində korporativ depozitlər 35.3 faiz artaraq 8,2 mlrd. manata, əhalinin əmanətləri isə 10,8 faiz artaraq 7,1 mlrd. manata çatıb.
Məlumatda o da qeyd olunur ki, əhalinin manat əmanətləri 11 ayda 15 faiz artıb. Regionlarda əmanətlərdə 12,4 faizlik artım müşahidə olunub.
Azərbaycanda insanların sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, əhalinin təxminən yarısının banklarda əmanət saxlaması haqda məlumat bir o qədər inandırıcı görünmür. Hətta bu haqda məlumat doğrudursa belə, ekspertlər hesab edir ki, 4,5-5 milyon nəfərin banklarda yerləşdirdiyi 7 milyard manat əmanət elə də böyük rəqəm deyil. Bu rəqəm öyünməyə heç bir əsas vermir. Yəni əhalinin sərbəst maliyyə vəsaitləri o həddə məhduddur ki, bu qədər əhalinin banklarda cəmi 7 milyard manat əmanəti var. Bu mənada, əmanətin məbləği bütün məsələlərə aydınlıq gətirir.
Şübhəsiz ki, hökumət guya, əhalinin ən azı yarısının artıq pulu olduğu, banklarda əmanət saxladığı barədə məlumatlar yaymaqla ölkədə insanların yaşayışının yaxşı olduğu haqda fikir formalaşdırmaq istəyir. Amma işsizlikdən, maddi çətinlikdən əziyyət çəkən yüzminlərlə insanı buna inandırmaq mümkün deyil. Görünən dağa nə bələdçi?!
Nigar