Rayonda dindarları rayon polis şöbəsinə aparıb saqqallarını əvvəl yandırır, sonra isə qırxırlar
DIN sözçüsü isə onların inzibati hüquqpozmalarla əlaqədar rayon polis şöbəsinə gətirildiyini deyir
“Şöbəyə apardılar, orda saqqalımı ”zajiqalka”yla yandırdılar, ağızlarına gələni dedilər” – bu sözləri”Azadlıq” radiosuna Qusar rayon sakini Zaur Hacıağayev deyib. Onun sözlərinə görə, bəzi kəndlərdə saqqal saxlayan dindarlara təzyiqlər artıb: “Dindarları rayon polis şöbəsinə aparırlar, onlarla təhqiredici şəkildə davranırlar, saqqallarını əvvəl yandırırlar, sonra isə qırxırlar. Kim və nəyə görə bizə deməlidir ki, saqqalını qırx? Nə dində, nə qanunda belə bir şey yoxdur axı, kimsə saqqalını məcburi qırxmalıdır. Şəriət də icazə verir ki, saqqal saxlamaq olar. Tək mən deyiləm, burada qardaşlar da var, onları şöbədə söyüblər, döyüblər”.
Rayonda yaşayan başqa bir dindar Kamal Baqişev də tez-tez Qusar rayon polis şöbəsinə aparılaraq saqqalının məcburi qırxıldığını söyləyir: “Pis formada təhqir edirlər. Məni polis serjantları saxlamışdılar. Polisə aparandan sonra orada Mövlud adlı polis mayoru gəldi, dedi, ”xeyirdimi, sən uşaqlara avtomat silahdan atmağı, blindaj qazmağı öyrədirsən”. Böhtan atmağa başladı. Deyir ki, sən vəhabisən, deyirəm vəhabi olub neynirəm ki?”.
Kamal Baqişev deyir ki, rayonda dindarlara cüt-cüt gəzmək qadağası qoyulub, onların sayı üç nəfəri keçəndə isə vəziyyət daha da gərginləşir: “3 gün əvvəl mən və üç nəfər tanışım çayxanada oturub çay içirdik, Firudin adlı əməliyyatçı gəldi girdi çayxanaya, çayçıya sillə vurdu ki, bunları bura niyə buraxırsan, çay verirsən?”.
Quhuraba kəndində yaşayan Mais Kərimov, Azər Kərimov, Feyzulla Sədullayev, Ramal Ağabəyov da polis şöbəsinə aparılaraq saqqallarının məcburi qırxıldığını, onlarla təhqiramiz davranıldığını deyirlər. Polis işçiləri onları hədələyirlərmiş ki, Bakıdakı dövlət qurumlarına şikayət etsələr, evlərindən silah-sursat “tapacaqlar”.
Qusar rayonunda adının çəkilməsini istəməyən sakin deyir ki, bir həftə öncə bir neçə mülki geyimli şəxs çayxanada oturan dindarları təhqir edib: “Dostlarımla çayxanada olanda mülki geyimlilər başqa bir stolda oturan dindarlara yaxınlaşıb söyməyə başladı. Mülki geyimlilər onlara dedi ki, niyə saqqal saxlayırlar. ”Bu nə hoqqabazlıqdır. Saqqal niyə saxlayırsınız. Molla da çayxanada olar?. Cəhənnəm olun burdan”. Anlamaq olmur, saqqal saxlamaq yasaqdır? Dindar, molla çayxanada çay içə bilməz? Harada yazılıb bu qadağalar? Belə getsə, bir müddətdən sonra deyəcəklər çayxanaya heç kim ayaq basmasın”.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələni araşdırdıqlarını deyib: “Həmin şəxslər hər biri ayrı-ayrılıqda inzibati hüquqpozmalarla əlaqədar rayon polis şöbəsinə gətiriliblər. Polisin çayxanada yığışanlarla nə işi var? Bunlar hamısı əsassız söhbətlərdir. Azərbaycan hüquqi dünyəvi dövlətdir, tolerantlığına görə də başqa ölkələrə nümunə sayılacaq ölkələrdən biridir. Kiminsə dini baxışlarına görə tənqid olunmasını iddia etmək həqiqətdən uzaq fikirdir”.
Qeyd edək ki, Azərbaycanda dini azadlıqların pozulması beynəlxalq təşkilatların da hesabatlarında yer alır.
ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqda illik hesabatlarında da deyilir ki, din azadlığının məhdudlaşması özünü mülkiyyət mübahisələrində, saqqal və baş örtüyü, bəzi yerlərdə azan səsinə qoyulan qadağalarda göstərir. Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.
Ramin DEKO