Bir həftə də keçəcək və biz artıq “22 illik Əliyevlər hakimiyyəti”ndən danışacağıq. 10 illik, 15 illik YAP rejimi yazdığımız günlər sanki dünən idi.
Bəli, illər sürətlə ötür, həyatımızda isə dəyişən heç nə yoxdur. Onlar tarixə “itirilmiş illər” kimi düşür, təqvimə özümüzün, ölkəmizin ömründən oğurlanmış illər kimi yazılır.
Mən həmişə fikirləşmişəm ki, illərin bir-birini əvəzləməsi bizdə sadəcə, təqvim hadisəsidir. “Yeni il” ifadəsi artıq çoxdandır məndə acı gülüşdən, kinayədən, ironiya və ikrahdan başqa heç nə doğurmur. Mənə həmişə elə gəlib ki, illər yeniləşir, dərdlər, problemlər, ağrılar, arzular isə köhnə olaraq qalır; nəinki 25-30 il, hətta 100-150 il əvvəlki istəklər, ümidlər də dəyişmir.
Düşünürəm ki, sadəcə oturub hesablamaqla məşğuluq: “10 illik Əliyevlər rejimi”, “15 illik…”, “18 illik…”, “20 illik…”, bir həftə sonra isə “22 illik…”
Və dünən “Yeni Müsavat” qəzetində məşhur hərəkatçılardan Mehdi Mehdiyevin müsahibəsini oxudum. Müsahibədəki bir parça diqqətimi çəkdi və birdən-birə fikirləşdim ki, illərin həyatımızda heç nəyi dəyişmədiyini deyəndə, yazanda bəlkə də artıq keçmişə haqsızlıq etmiş oluruq. Yaptokratların asıb-kəsdiyi, baltaladığı 92-93-cü illərdə torpaqların müdafiəsi uğrunda fədakarlıqlardan danışarkən belə deyir Mehdi bəy: “Hardan nə qədər pul tapırdıq, hamısını silaha verirdik. O puldan heç kim 1 qəpik götürüb şəxsi işlərinə xərcləyə bilməzdi, heç çörək də ala bilməzdi. Onda 7-8 nəfər ”Xəzər” univermağının yanında yaşayırdıq. Həm kompakt olurduq, həm də kirayə pulu aramızda bölünürdü. Bir dəfə evə üstümdə 840 min manatla gəldim. Evdə yemək yox idi, amma heç birimizin ağlından da keçmirdi ki, o puldan 5 manat götürək ərzağa verək. Gördüm yemək yoxdu, qayıtdım Qara Qarayevə (o zaman “Avrora” metrosu adlanırdı) dostum Əfruzgildə badımcan yedim, təzədən qayıtdım evə. Zəhləm gedir badımcandan, ancaq o pula toxunmaq olmazdı… Biz belə yaşamışıq”.
Hə, mən illərin həyatımızda heç nəyi dəyişmədiyini yaza-yaza bu sözlərdən sonra yanıldığımı düşünməyə başladım. Hanı Mehdi bəyin haqqında danışdığı həqiqi vətənpərvərlik ruhu, hanı o dürüstlük, hanı o təmizlik, o vicdan?! Nə qədər adamda bu hisslər hələ də qorunur? 20 il əvvəllə müqayisədə nə qədər adam əliəyriliyi ayıb sayır, nə qədər adam qarnından çox ictimai marağı, ölkənin mənfəətini düşünür, nə qədər adam üçün ailə millətdən, vətəndən sonra gəlir?!
Bəli, dərindən düşündükdə dəyişən çox şey var, 90-cı illərin əvvəlindəki o ruh, o ovqat artıq buxarlanıb, əriyib, yoxa çıxıb, uzaqbaşı bir ovuc adamın həyat və düşüncə tərzi olaraq qalır. 20 il əvvəllə müqayisədə yalan danışmaq da, yaltaqlıq eləmək də, oğurlamaq da, seçki qutusuna topa-topa bülleten atmaq da, üzə durmaq da artıq çox adiləşib, norma kimi qəbul olunmağa başlayıb. Indi çox şey heç 25 il əvvəlki kimi də deyil, bəli dəyişib, çox şey dəyişib – pisə doğru, yamanlığa doğru, qaranlığa doğru, bataqlığa doğru!
Bir türk yazıçısı var – Halid Ziya Uşaqlıgil, bu yaxınlarda onun belə bir fikrini oxudum: “Insanlar qəribədir! Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar”.
Bu cür səbəb axtarışları artıq Azərbaycanda çoxluq üçün, Karlson demiş, adi həyat hadisəsidir. Bizdə illər keçdikcə vicdanlarını susdurmaq üçün səbəb axtaranların da, elə səbəblərin sayı da artır. Belə səbəblər çoxaldıqca isə itirilən illərin və itirilən insanların sırası da uzanır. Yalan danışmaqda, yaltaqlanmaqda, məzlumun ahını almaqda, qul haqqı yeməkdə, xalqın iradəsini oğurlamaqda ayıb heç nə görməyənlərin sayı da çoxalır. Və…
Və ən yaxın keçmiş belə, sürətlə, amansız şəkildə unudulur, hafizələri sərvət, hakimiyyət, mənsəb, vəzifə, karyera hərisliyinin kiri-pası basır, yaddan çıxır ki, cəmi 20-25 il əvvəl bu ölkədə başqa cür də – Mehdi bəyin dediyi kimi də yaşayıblar. Millət, dövlət, vətən adına olan pulun bir qəpiyinə tamah salmadan da yaşayıblar.
Dəyişmədiyindən şikayətləndiyimiz ölkə, indi görürsünüzmü, əslində nə qədər dəyişibmiş!
Illər əvvəllə müqayisədə nə qədər dözülməz, nə qədər məşəqqətli olmağa başlayıbmış…
Təəssüf!