Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Iki ayrı xəbər.
Ilk baxışda bir-biri ilə heç bir əlaqəsi yoxdur. Məhz ilk baxışda!
Əslində isə hər iki xəbər bugünkü Azərbaycanının acı reallıqlarına çox dəqiqliklə güzgü tutur.
Məzmunca çox fərqli olsalar da, mahiyyətcə eynidirlər.
Başlayaq ilk xəbərdən: “Lənkəranda məktəb direktorunun evindən oğurluq olub. Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi 18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib”.
Digər oğurlananlarla işimiz yoxdur. Amma bir məktəb direktorunun evindən 100 min manatlıq qızıl-zinət əşyasının çıxması diqqət çəkməyə bilməz.
Istər-istəməz belə bir sual gəlir adamın ağlına: bu ölkədə məktəb direktorunun maaşı nə qədərdir ki?!
O da ayrı məsələ ki, Azərbaycanda hər hansı vəzifə sahibinin maaşı ilə varidatını ölçmək üçün ya dəhşətli dərəcədə sadəlöhv olmalısan, ya zəka əngəlli, ya da…
Ya da başqa planetdən gəlməlisən.
Başqa planetdən gəlmədiyimə görə ilk ikisindən hansı olduğuma qərar verməyi oxucuların ixtiyarına buraxıram.
Ikinci xəbər: “”Ovçular” kolbasasından donuz piyi çıxıb-çıxmaması haqda bizdə belə bir məlumat yoxdur. Əgər alıcı bu cür bir halla üzləşibsə, həmin kolbasanı bizim idarəyə gətirib təhvil versin. Biz də o kolbasanı laboratoriyadan keçirib, yoxlayaq… Biz bu xəbəri yayan saytla əlaqə saxlayıb, onları tənbeh etmişik” – bu cümlələr Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının açıqlamasındandır.
Son cümləyə diqqət: “Biz bu xəbəri yayan saytla əlaqə saxlayıb, onları tənbeh etmişik”.
Təkzib yox ha, məhz tənbeh!
Əlbəttə, yapçılar ölkədə söz, mətbuat azadlığının fışqırdığını deyirsə, yuxarıdakı cümləyə də əsla təəccüblənməmək lazımdır. Hansısa dövlət qurumunun bir bir KIV orqanını tənbeh etməsi doğrudan da ölkədə söz, mətbuat azadlığının fışqırdığının müjdəsidir.
Başqa nəsə demək artıqdır.
“Yazı” haqqında
Kədərlidir, amma reallıqdır: Azərbaycanda “Alatoran”dan sonra azad ədəbiyyat dərgisi yox idi.
Indi bu boşluğu çox minimal, ağır şərtlər altında “Yazı” doldurmağa çalışır.
Qələm dostumuz Azad bəyin (Qaradərəli) dərginin hər sayını hansı məşəqqətlər hesabına başa gətirdiyini bilənlər bilir.
Indi bu dərginin yeni sayı satışa çıxıb.
Hərəniz bir “Yazı” almaqla ölkənin yeganə azad ədəbiyyat dərgisinin yaşamasına kömək edə bilərsiniz.
Bunu ondan əsirgəməyin.
Hadi havası
Çöldə qış, mənim qəlbimdə, ruhumdasa Hadi havasıdır. Son vaxtlar beynimdə onun bir şeiri dolaşır.
Hər misrasında sanki bugünkü ruh halıma güzgü tutur.
Istəyirəm sizinlə də paylaşım:
Həyatın səsləri guşumda
həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır
və lakin yad şəklində,
Ədavət daima vardır,
məhəbbət ad şəklində,
Fərəhlər həbs olunmuş,
hüznlər azad şəklində,
Müsibətlər, bəlalar,
qüssələr abad şəklində,
Ürəklər qəm odilə
hər zaman bərbad şəklində…