“Biz həmişə birlikdə addım atmışıq və irəliyə getmək üçün bundan sonra da belə olacaq”
Kiyevdə səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynaya hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. O, bildirib ki, iki ölkə indiyədək olduğu kimi, bundan sonra da birlikdə hərəkət eədcək.
“Bu qədər açıq danışıram. Fərqi yoxdur, Poroşenko nə istəyir istəsin, 24 saat ərzində həyata keçirməyə hazıram. Biz həmişə birlikdə addım atmışıq, bir-birimizə doğma insanlarıq və irəliyə getmək üçün bundan sonra da belə olacaq. İstəyirəm ki, Ukraynada hər şey yaxşı olsun. Bir çoxları bunu oyun zənn edir. Bilirəm ki, Poroşenko belə düşünmür. Mən Ukraynaya kömək etmək üçün əlimdən gələni etməyə hazıram”, – deyə Belarus prezidenti bildirib.
Rusiyanın yaxın müttəfiqi sayılan, onunla eyni ittifaqda olan Belarus prezidentinin Kiyevə səfəri və Poroşenkoya belə açıq dəstək bəyanatı verməsi onun Moskvaya meydan oxuması kimi qiymətləndirilir. Şərhçilər belə hesab edirlər ki, Lukaşenko rəsmi Kiyevlə isti münasibətlər qurmaqla həm də Qərbə körpü salır. Lukaşenkonun Kiyevdə verdiyi bu bəyanatın Kremldə qıcıq doğurduğu isə şübhəsizdir.
azadliq.info