Vəfa Quluzadə: «Rusiyanın hazırda yeni, ölkəni demokratikləşdirəcək qüvvələrə ehtiyacı var»
Samir Əliyev: «Rusiyanı vəziyyətdən çıxara biləcək şərtlərdən biri neftin bahalaşmasıdır»
Rubl ilə bağlı baş verənlər dünyanın diqqətində qalmaqdadır. Rusiya Mərkəzi Bankı valyuta bazarındakı vəziyyəti kritik qiymətləndirir. Mərkəzi Bankın sədr müavini Sergey Şvetsov maliyyə bazarları üzrə dəyirmi masada bildirib ki, belə vəziyyət yaranacağını heç cür proqnozlaşdıra bilməzdilər.
“Vəziyyət kritikdir. Baş verənləri bir il əvvəl hətta yuxuda belə görə bilməzdik. Təəssüf ki, maliyyə bazarımızın qısamüddətli perspektivlərini həmişə qabaqcadan görə bilmirik. Maliyyə bazarının əksər iştirakçıları hadisələrin nəticəsi olaraq ağır vəziyyətə düşüblər. Inanın ki, Mərkəzi Bankın Direktorlar Şurası ən pislər arasında seçim edib”, – deyə Şvetsov bildirib.
Bundan başqa, baş nazir Medvedevin keçirdiyi toplantı rublun düşüşünü müəyyən dərəcədə səngitsə də, proses hələ də davam etməkdədir. Amma bu çıxış yolu deyil. Ekspertlər hesab edir ki, Rusiyada yaranmış vəziyyətə “dərin dövlətdən” də müəyyən müdaxilələr ola bilər. Çünki Yeltsinin gözlənilmədən Putinlə dəyişdirilməsi də məhz “dərin dövlət”in aktivinə yazılır. Ona görə bəzi ekspertlər bu strukturun, oliqarxiyanın Rusiyadakı proseslərə yenidən müdaxilə edə biləcəyini istisna etmirlər.
Bəs vəziyyətdən çıxış yolu nədədir?
Politoloq Vəfa Quluzadə bildirdi ki, rublun məzənnəsi ilə bağlı baş verənlər sübut etdi ki, təqdim edildiyi kimi Rusiya güclü dövlət deyil. Baxmayaraq ki, Rusiyanın ərazisi böyük, sərvətləri isə çoxdur. V.Quluzadənin sözlərinə görə, Rusiyanın fəlakətlərinin səbəbi bəzi prinsipləri üstün tutmamalarıdır. Bunlar azadlıq, demokratiya və qanunun aliliyidir: “Rusiya imperiyası ömrünü uzada bilməz. Rusiya imperiya kimi çöküşə məhkumdur. Çünki Avropa və Qərb gözəl bilir ki, təcavüzkara güzəştə gedəndə bunun nəticələri fəlakətli olur. Hitlerə edilən güzəştlər sonradan acı nəticələr ortaya qoydu. Ona görə Krımın işğalı Putinə bağışlanılmır. Amma Putin də Krımdan çıxa bilmir. Çünki bu addım atılsa, o, hakimiyyətini itirəcək. Bu baxımdan Putin aqressiv siyasətini davam etdirir. Rusiya televiziyası xalqa imperiya ruhunu aşılayır. Məgər Britaniya, Osmanlı imperiyasını Qərb dağıdıb. Imperiyalar dağılmağa məhkumdur. Amma Rusiyanın hazırkı siyasi elitası bu imperiyadan yapışıb. Çünki bilir ki, bu idarəçilik dağılsa, hakim zümrənin bütün cinayətləri üzə çıxacaq”.
V.Quluzadə hesab edir ki, Rusiyanın hazırda yeni qüvvələrə ehtiyacı var. Bu qüvvələr hakimiyyətə gələrək Rusiyanı demokratikləşdirməlidir: “Rusiya Federasiyasında demokratiya ola bilməz. Rusiya silah gücünə ram edilmiş xalqlardan ibarət imperiyadır”.
Iqtisadçı Samir Əliyevlə isə Rusiyanın böhrandan çıxması üçün atılmalı iqtisadi addımlara aydınlıq gətirməyə çalışdıq. S.Əliyev hesab edir ki, Rusiyanı vəziyyətdən çıxara biləcək şərtlərdən biri neftin bahalaşmasıdır. Bu, rublun yenidən məzənnəsini möhkəmləndirməyə imkan verəcək. Əks halda nəticələr çox ağır ola bilər: “Əlbəttə, daha bir şərt Rusiyaya yönələn sanksiyaların aradan qaldırılmasıdır. Ona görə Rusiyaya təsir edən xarici amillər həllini tapmadıqca, daxildə atılan addımlar effekt verməyəcək. Hazırkı dönəmdə ölkədəki panikanın qarşısını qısa müddət üçün almaq naminə hökumət istefaya göndərilməlidir. Hökumətə Medvedev yox, peşəkar ekspertlər, Kudrin kimi mütəxəssislər rəhbərlik etməlidir. Bu, bazarda ən azı qısamüddətli sakitçilik yaradacaq. Rusiya da yaranmış sakitçilikdən istifadə edərək növbəti addımlar barədə düşünə bilər”.
S.Əliyev hesab edir ki, Rusiya eyni zamanda prioritet olmayan, səmərəsiz büdcə xərclərindən də imtina etməlidir.
Xəyal