Aslan İsmayılov
Bu gün Şirməmməd Hüseynovun 90 illik yubileyidir. Dəfələrlə yazılarımda, çıxışlarımda Şirməmməd müəllimi milli sərvətimiz adlandırmışam. Bu ifadəni elə belə, ancaq xətrini istədiyimə görə yox, fəaliyyətinə, şəxsiyyətinə yaxından bələd olduğumdan işlətmişəm. Birinci dəfə Şirməmməd Müəllimin adını rəhmətlik Əsəd dayımdan eşitmişdim. Azərbaycana gəldiyim ilk günlər hələ mənzilimi dəyişdirmədiyimdəm dayımgildə qalırdım. 1989-cu ilin axırları idi. İşdən evə gələndə dayım sevincək “bala, bu gün Şirməmməd müəllimi evinə qədər apardım”. Bunu elə bir istəklə dedi ki, sanki sürdüyü QAZ-24-də milyon tapmışdı. Tanımadığımdan soruşdum ki, o kimdir? Şirməmməd müəllim haqqında bir necə cümlə dedikdən sonra tərsinə baxıb “Ali təhsilli insan milləti yolunda can qoyanları, millətini maarifləndirənləri tanıyar” deyib acıqla otaqdan çıxdı. Ona yaxınlaşıb o dövrlər Milli Azadlıq Hərəkatının bir neçə liderinin (hansılar ki, sonradan insanların azadlığa, demokratiyaya olan inamlarını zərbə vurdular) adını şəkdim ki, bilsin ki, mən hər şeyə o bildiyi qədər də laqeyd deyiləm. Sadəcə,”bu Kişi onların tayı deyil, çox savadlı adamdır” deməklə kifayətləndi. Sonralar qismətimə rəhmətlik Bəxtiyar Vahabzadə ilə Şirməmməd müəllimin (onlar uşaqlıqdan dost olublar) keçmişləri ilə bağlı xatirələrini dinləmək düşdü. O söhbətlər zamanı da bu iki nəhəng Kişilərin cavanlıq yaşlarında da düşünüb daşındıqları millət dərdinin olduğunun canlı şahidi oldum. Bəxtiyar müəllim özü də bir neçə dəfə mənə demişdi ki, ən çətin, təqib olunan anlarında ancaq Şirməmməd müəllimə etibar edib məsləhətləşərdi.
Şirməmməd müəllim, mənim üçün tək ADR qurucularının adlarının milli yaddaşlarda qalmasına ömürünü həsr etmiş bir insan deyil. O daha böyük İnsandır. Onu ancaq gəncliyimdən özümə kumir saydığım böyük rus ziyalısı Dmitriy Lixaçovla müqayisə etmək olar. O da bütün həyatını heç bir təmanna güdmədən Azərbaycan xalqına həsr etmiş bir insandır. Onunla hər söhbətdən, ünsiyyətdən sonra özümü böyük bir xəzinəyə toxunmuş kimi hiss etmişəm. 2010-cu il “Sumqayıt SSRİ-nin süqutu” kitabının təqdimat mərasimində 100-nəfərdən çox ziyalılar sırasında Şirməmməd müəllimdə iştirak edirdi. Erməni Azərbaycan qarşıdurmasında təbliğatımızın yarıtmaz olduğunu çıxışımda qeyd edərkən bu cümləni də işlətmişdim: “Bu gün Azərbaycanın müstəqil olması bu millətin əməyi yox, uca Allahın bizə verdiyi qismətdir”. Şirməmməd müəllim dərhal söz aldı və necə deyərlər yaxşıca dərsimi verdi. Çıxışında Azərbaycan xalqının fədakarlığından danışdıqdan sonra qəzəblə “sən kimsən ki, bu millət haqqında belə fikir yürüdürsən” dedi. Təxminən 3 ay bundan əvvəl yenə Şirməmməd müəllimlə görüşüb uzun-uzadı baş verənlərdən, o cümlədən milli, mənəvi dəyərlərin aşınmasından danışdıq. Sağollaşarkən dedim ki, Şirməmməd müəllim, dünya görmüş insansınız, deyin görüm bu xalqın axırı necə olacaq?” Şirməmməd müəllim gözümə baxıb “yenə payını almaq istəyirsən, kitab təqdimatındakını nə tez unutdun?” dedi. Tez üzr istədiyimdən sonra əlavə olaraq bildirdi ki, yadında möhkəm saxla Fransa Akademiyasının araşdırmalarına görə Yer kürəsində insanlar 2796 dildə danışırlar. 11 əsas 50 xırda dil qrupları, 7-8 min dialekt var. Bu dillərdən yalnız 225 yazılıdır. BMT-də 196 xalqın 230 müstəqil dövləti var. Sənin xalqın o 196-nın içindədir. Ancaq özünü xalqına həsr edən insan bu qədər diqqətli ola bilər.
Şirməmməd müəllimə can sağlığı arzulayıram və əminəm ki, nə qədər bu Azərbaycan xalqı yaşayacaq o qədər də Şirməmməd müəllimə hamımızın ehtiyacı olacaq. Bir halı da qeyd etməsəm ədalətsizliyə yol vermiş olaram. Dəfələrlə Şirməmməd müəllimin həyat yoldaşı Ülkər xanımın ona hansı nəvazişlə qulluq etdiyinin şahidi olmuşam. Əminəm ki, bu nəhəng Kişinin bu gün də aktiv yaradıcılıqla məşğul olmasında, xalqımıza qulluq etməsində Ülkər xanımın xüsusi əməyi var.
Yaşayın, yaradın hamımıza örnək olan Şirməmməd müəllim!