Məhəmməd Talıblı
Daxili keyfiyyətləri aşkarlayan yer
Seymur azadlıq və hüquq tərəfdarı idi. Onları həm nəzəri, həm də praktik olaraq onları biri-birindən ayırmağın mümkün olmadığını dərk edirdi. Ölkə reallığında o, azadlıqları genişləndirmək yox, heç olmasa onun daraldırılmasına müqavimətin təşkil edənlərdən idi. Bunun nə qədər zəruri olduğunu da bilidiyi üçün yolunda çox israrlı idi. Bu haqda çox prinspiallıq göstərirdi. Çünki, bilirdi ki, azadlıqlardan vaz keçmək hüquqi nihilizmə yol açacaq. Hüquqi nihilizm isə azadlığı əhəmiyyətsizləşdirəcək. Bu mənada Seymur əslində bütün təhlil yazıları ilə gələcək təhlükələrin anonsunu verirdi. Son müsahibəsində Seymur demişdi ki, sevindim ki, nə yaxşı oğurlayıb aparmırlar, həbslə qurtarıram. Bu əslində ölkədə hüquq və azadlıq anlayışlarına münasibətin nə yerdə olmasını çox dəqiq göstərir. F. M. Dostoyevskinin “Cinayət və cəza” əsərində müəllif insanları qruplara ayıraraq dəqiq təsnifatın verir. Dahi yazıcı haqlı olaraq yazır: “İnsanlar sadə və üstün olaraq iki yerə ayrılırlar. Sadə olanlar, ancaq insan nəslini çoxlatmağa yarayırlar, digərlərini isə yeni bir şey deyə bilmək arzusuyla doğulmuş üstün insanlardır. Birinci qrup insan indinin adamı, ikinci bölüm gələcəyin adamıdır. Birincilər dünyanı qoruyur və əhalinin sayını artırırlar. İkincilər isə onu hərəkət etdirir və əsl hədəflərinə doğru irəliləyirlər. Həqiqi böyük insanlar dünyanın ən həqiqi və ən böyük kədələrini yaşayıblar.” Bu iqtibası hədər yerə xatırlamadım. Həbsindən sonra Seymurgilin evində onun valideynləri ilə söhbət edirdik. Mən atası Məşükür bəyə sual verdim ki, nə əcəb Seymurdan kiçik qardaşını evləndirmisiz, Seymuru ondan sonraya saxlamısız?” Atası maraqlı cavab verdi: “Seymurun özü deyirdi ki, mənim hər zaman həbs olunmaq təhlükəm var, onu ailə-uşaqla bölüşmək istəmirəm. Bu sənin yükünü də artırar deyə, buna razı ola bilmərəm. Qardaşı qabağa salın.” Seymur bütün mənalarda məişətlə məşğul olan və ona enəcək adam deyildi. Onun varlığı daha çox sosiallaşmışdı. O ailəsindən daha çox əqidə yoldaşlarına və dostlarına məxsus idi. O, iddialı və böyük hədəfi olan ictimai xadimdir. Amma o da “qızılca” çıxararaq siyasi dialektikanının qanunauyğunluqlarını pozmadı. Həbs də qaldı, ovqatını pozmadı və optimizmin itirmədi.
Həbsə düşmək insan yaddaşında və bizim kimi cəmiyyətlərin “gözündə” çox zaman insan faciəsi, itirilmiş illər, işgəncə və zorakılıqla qolboyun olmaq, karyera uğursuzluğu və bu kimi tənəzzül mərhələsini ifadə edən müxtəlif “epitetlərlə” ifadə olunur. Mən bu sosial fenomeni iqtisadiyyatla əlaqələndirmək istəyirəm. İqtisadiyyat elmində böhran sözünün 2 iyeroqlifi var: itirilmiş imkan və qazanılacaq üstün fürsət. İtirilmiş imkanlar haqqında düşünmək daxili pessimizm yükü ağır olanlara nəsib düşüncə tərzidir. Böhranları üstünlüklərə çevirmək yalnız böyük insanların və tarixdən yaxşı dərs almışların müdrikliyidir. Tarix demişkən… Tarixdə də çoxlu sayda uğur hekayələrindən məhz həbsxana həyatı ilə bağlı olanları az deyil. Ən dahiyanə əsərlər lüks təminatlı otaqların lampa işıqlarının spektri altında yox, həbsxananın qaranlıq zindanlarında yazılıb. İngilis ədəbiyyatının çox tanınmış simalarından olan Con Banyan dini baxışlarına görə həbsxanaya düşmüşdü. Özünün şedevr əsəri olan “Piliqrimin yürüşü” kitabını məhz orada yazmışdı. Növbəti nümunə olacaq şəxs isə ümumiyyətlə yazıçı olmayıb. O. Henri Oyaho ştatında, Kolumbiya türməsində “yatıb”. Uzun illər tənha qalmış həmin şəxs daxilində olan yazıçılıq keyfiyyətini məhz orada özü üçün kəşf eləmişdi. Bu məcburi tənhalıq ona öz daxili “mən”iyilə tanış olmağa və təsəvvürünün dərin qatlarında gizlədilmiş xəzinəni tapmağa kömək edir. O, təsvir etməyə başlayanda anlayır ki, cani yox, dahi yazıçıdır. İnsan sosial varlıq olaraq daxili dünyası ilə təkbətək qalanda insan özünün “aktivlərini” yenidən dəyərləndirmək imkanı olur. Uğursuz zolağı kimi bildiyimiz çox yollarda bəlkə də heç kimə nəsib olmayan parlaq karyera modeli var. İnsan ömrünün həmin “dayanacağı” bəlkədə həmin nərdivanın ən möhkəm pilləsidir. Ayağını nərdivana qoymayınca hansı pillənin daha dözümlü və keyfiyyətli olmadığını bilmərsən. Ş. İ. Xətai də vaxtı ilə deyirdi: Pillələri pillə-pillə qalxın. Bu aşağı eniş deyil, yuxarı qalxışdır. Seymurun trayektoriyası bunu göstərir.