Nabatəli Qulamoğlu: «Yeni standartlara uyğun dərsliklərin hazırlanması işi hələ başa çatmayıb»
Təhsil Nazirliyi orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib. “Trend”in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov elektron təhsil resurslarının təqdimatı mərasimində çıxış edərkən deyib. Nazir bildirib ki, yaxın zamanlarda dərsliklərin yaradılması ilə bağlı texnoloji prosesdə yeni nailiyyətlər əldə edəcəklərinə ümid edirlər.
Nazir əlavə edib ki, son illərdə müsabiqəyə çıxarılması üçün dərslik əldə edə bilmirlər. Son 3 ilin statistikasını açıqlayan nazirin sözlərinə görə, 2012-ci ildə 17 fənn üzrə dərsliklərin hazırlanması üçün keçirilən tenderlərdən cəmi 2-si baş tutub. 2013-cü ildə 21 fənn üzrə tenderdən cəmi 2-si, 2014-cü ildə isə 22 fənn üzrə 6-sı baş tutub: “2014-cü ildə yalnız VII sinif üzrə deyil, VIII siniflər üçün də dərsliklər hazırlanıb. Bu il 22 fənn üzrə cəmi 6 tender baş tutub. ”Tender baş tutub” o deməkdir ki, bizim seçmək, qiymətləndirmək üçün ən azı 3 təklifimiz olub. Görürük ki, tam əksər hallarda müəlliflərdən keyfiyyət bir tərəfə, say olaraq da müsabiqəyə çıxarılması üçün dərslik əldə etmirik. Son 4 ilin statistikası ciddi şəkildə dəyişib. Bu sayda müəyyən artım var, amma 20-22 fəndən 5-6 təklifin olması qənaətbəxş hesab oluna bilməz”.
Nazir qeyd edib ki, dərsliklərin hazırlanması üçün təklif belə verilməyən fənlər də var. 2012-ci ildə 2 fənn üzrə, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinif üçün 2 fənn üzrə ümumiyyətlə təklif verilməyib. Bunlar isə əsasən xarici dillərdir: “Mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq belə göstərən tərəf yoxdur. Bu da Təhsil Nazirliyinin, təhsil sisteminin üzərinə qeyri-adi çağırış qoyur”. M.Cabbarov bildirib ki, dərsliklərin hazırlanması sisteminin kifayət qədər ciddi islahata ehtiyacı var. Yəni dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır.
Görəsən, müsabiqəyə dərslik təqdim etmək üçün kifayət qədər mütəxəssis yoxdur, yoxsa şərtlər ağırdır?
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki, bu, təhsil standartlarının dəyişilməsiylə bağlıdır. Yəni sözügedən məsələni kurikulumun tətbiqiylə bağlamaq olar. Ekspert qeyd edir ki, buna uyğun olaraq dərsliklər tam hazırlanaraq başa çatmayıb:
“Güman edirəm ki, nazir onu nəzərdə tutur. Yəni yeni standartlara uyğun tam dərsliklərin işlənib hazırlanması hələ başa çatmayıb. Məsələnin məğzi də bundan ibarətdir”.
Nigar